Beyləqan, 19 mart, AZƏRTAC
Beyləqan şəhərindəki Bayraq Meydanında Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.
Bayramsayağı bəzədilən meydanda tonqal qalanıb, milli adətlərimiz, folklorumuz, şirniyyatlar, qədim məişət əşyaları nümayiş edilib. Rayonun kənd və qəsəbələrindən gələn insanlar üçün süfrələr açılıb.
Tədbirdə çıxış edənlər beyləqanlıları əziz bayram münasibətilə təbrik edib, əmin-amanlıq, süfrələrinə ruzi-bərəkət arzulayıblar.
Bayramın əsas personajlarından olan Kosa və Keçəlin məzhəkələri, Bahar qızın, kəndirbazın çıxışları yaddaqalan olub. Rayon mədəniyyət və turizm şöbəsinin rəngarəng konsert proqramı tamaşaçılara xoş ovqat bəxş edib.