Bakı, 19 mart, AZƏRTAC
Tunisin turizm mərkəzlərindən birində ötən gün törədilmiş terror aktı ilə əlaqədar ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, dəqiqləşdirilmiş son məlumatlara əsasən, naməlum yaraqlıların “Bardo” muzeyinə hücumu nəticəsində 17 turist həlak olub, 50-yə yaxın insan yaralanıb.
Geniş rezonans doğuran terror aktından sonra ölkədə vəziyyət gərgin olaraq qalır. Hüquq-mühafizə orqanlarının keşikçi dəstələri gücləndirilib, nəqliyyat vasitələri, xüsusən yük avtomobilləri ciddi surətdə yoxlanılır. Polis hücumun baş verdiyi Bardo rayonunu əhatəyə alıb, istintaq orqanları hadisə yerində təhqiqatı davam etdirirlər. Terror aktı ilə bağlı dövlət müəssisələri, diplomatik nümayəndəliklər, mülki obyektlər, xüsusən turizm infrastrukturu ciddi mühafizəyə götürülüb.
Rəsmi məlumata görə, hərbi geyimdə olan iki silahlı şəxs muzeyin ərazisinə soxularaq avtobuslardan düşən turistlərə atəş açmağa başlayıb. Yaraqlılar daha sonra onları qovub binanın içərisinə doldurublar.
Tunisin Baş naziri Həbib əs-Sid bildirib ki, həlak olanlar və yaralananlar arasında Cənubi Afrika Respublikası, Polşa, İtaliya, Almaniya, İspaniya, Fransa, Yaponiya və digər xarici ölkə vətəndaşları var.
Yerli KİV-in yaydığı məlumata görə, öldürülən İki basqınçının şəxsiyyəti müəyyənləşdirilib. Onların hər ikisi Tunis vətəndaşıdır.
Tunisdə təhlükəsizlik baxımından vəziyyət yaxşı deyil. Ölkədə terrorçu elementlərin artan fəallığı müşahidə olunur. Vəziyyətin mürəkkəbləşməsinə qonşu Liviyadakı şərait də təsirini göstərir. Oradan ölkə ərazisinə müntəzəm olaraq silah və yaraqlılar keçir.