Bakı, 19 mart, AZƏRTAC
Yaxın günlərdə Azərbaycan teleməkanında yeni serial tamaşaçıların ixtiyarına veriləcək.
Layihənin mətbuat katibi Fuad Mədətov AZƏRTAC-a bildirib ki, “AFA production”un istehsalı olan “Şən dullar” adlı bədii serialda Azərbaycanın tanınmış aktyorları çəkilib. Komediya janrında olan ekran əsərinin ərsəyə gəlməsinin ideya müəllifi Raid Abbasovdur. O, həmçinin filmin quruluşçu rejissordur.
İlkin versiya 45 dəqiqə olmaqla 24 hissədən ibarət seriyalın ssenari müəllifi Yeganə Kərimzadə, baş prodüseri Ruslan İsmayılov və quruluşçu operatoru Hüseyn Bağırovdur.
Rollarda Sənubər İsgəndərli, Mehriban Səfərova, Gülnarə Abdullayeva, Nigar Güləhmadova, Mətanət Əhmədova və başqaları çəkilib.
Filmdə əsl müasir Azərbaycan xanımlarının obrazı yer alıb. Onlar mənliklərini hər şeydən uca tutan, dostluğa sadiq, eyni zamanda bir az qeybətcil, bir az sözbaz olsalar da, mahiyyət etibarı ilə sadəcə qadındırlar...
“Şən dullar” seriyalının tanıtım videoçarxı artıq hazırdır.