Kanal S (Region TV) xəbər verir ki, Novruz bayramı ilə bağlı Şamaxıda müxtəlif tədbirlər, el şənlikləri keçirilib.

Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında keçirilən bayram şənliyi tonqala od vurulmaqla start götürüb. Meydana girən Kosa ilə Keçəl duzlu-məzəli söhbətləri ilə iştirakçıları güldürüb, əyləndiriblər. Bahar qızı əlində səməni ilə baharın gəlişini simvolik olaraq nümayiş etdirib. Tələbələrin hazırladıqları səhnəciklərdə qədim adət-ənənələr əks olunub. Novruz fləşmobu isə tədbirə xüsusi rəng qatıb. Bir tərəfdə cəhrədə yun əyirən xanımlar, digər tərəfdə tonqalın ətrafında yallı gedib rəqs edən tələbələr maraqlı görüntülərə səhnə olub. Tədbirin sonunda ən yaxşı xonça və ən yaxşı səməni nominasiyası üzrə keçirilən yarışın qalibləri müəyyənləşib.

Tədbir kimsəsizlər evində davam etdirilib. Bir qrup tələbə 1 saylı Ruhi-əsəb İnternat Evində olub, özləri ilə gətirdikləri bayram sovqatlarını buranın daimi sakinləri ilə bölüşüblər. Sonra birlikdə rəqs edib, Novruzun gəlişini qeyd ediblər.

Milli.Az