Bakı, 19 mart, AZƏRTAC
Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin (TİM) təşəbbüsü ilə bu il də “Maliyyə savadlılığı” layihəsi çərçivəsində “Qlobal Pul Həftəsi” silsilə tədbirlərlə qeyd edilib.
Mərkəzi Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, builki tədbirlər çərçivəsində Bakı şəhəri 220 saylı məktəbin IV sinif şagirdləri Litvanın Kaunas şəhərinin Jono Pauliaus gimnaziyasından olan həmyaşıdları ilə telekonfrans təşkil ediblər. Telekonfrans zamanı şagirdlər milli valyutamızı litvalı həmyaşıdlarına nümayiş etdirib və müxtəlif nominallı milli əsginazların üzərindəki simvolların mənalarını onlara izah ediblər. Şagirdlər gündəlik cib xərclikləri, qənaət etmə və xərcləmə haqqında suallar verib pul daxıllarını bir-birilərinə təqdim ediblər.
Növbəti telekonfrans Sumqayıt şəhəri 31 saylı və 26 saylı məktəblərin şagirdləri ilə birgə Serbiyanın Blase şəhərində yerləşən Stoyan Novakoviç adına orta məktəbin şagirdləri arasında keçirilib. Şagirdlər bir-birilərinə öz ölkələrini, milli pul əsginazları haqqında ətraflı məlumat veriblər. Eyni zamanda, serbiyalı şagirdlər istifadəsi XII-XXI əsrlərə aid serbiya pul sikkələri barədə təqdimat ediblər. Sonda azərbaycanlı şagirdlər puldan rasional istifadə, onun funksiyaları, qənaət və yığım haqqında sosial həcmli mesajları öz həmyaşıdları ilə bölüşüblər. Hər iki telekonfrans ingilis dilində təşkil edilib.
“Qlobal Pul Həftəsi”nin qeyd olunması və bu istiqamətdə müxtəlif maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd uşaq və gənclərin iqtisadi və maliyyə məsələləri üzrə məlumatlılığının və rasional maliyyə davranışlarının artırılmasıdır.


