Rusiyanın təbii qazını Avropa Birliyinə çıxaracaq yeni marşrutların birinə çevrilməsi nəzərdə tutulan "Türk axını" layihəsi ilə bağlı çətinliklər yaranıb.
Səbəb isə Türkiyədən keçərək Yunanıstan sərhədinədək uzadılacaq boru kəməri vasitəsilə nəql olunmalı "mavi yanacağın" bir hissəsinin Ankaraya satışı ilə bağlıdır.
Türkiyə bu qazın qiymətinin aşağı salınmasını istəyir, Moskva isə inad edir.
Daha doğrusu, "Qazprom" şirkəti türklərə satmağa hazırlaşdığı təbii qazın qiymətini ən yaxşı halda 10,25 faiz aşağı sala biləcəyini bəyan edir, BOTAŞ şirkəti isə güzəştin daha çox olmasını istəyir.
Bütün bunlar nəticəsində Rusiyanın çox böyük önəm verdiyi və Avropa Birliyinə təbii qazın çıxarılmasının yeni, daha güclü marşrutu qismində siyasi reklam olunan "Türk axını" layihəsi çərçivəsində inşaat işlərinə başlanması ləngiyir.
İşlərin başlanmasına Türkiyə rüsxət verməlidir.
Ankaranın planı və istəkləri bəlli: Türkiyədə "Qazprom"un satacağı təbii qazı satın alacaq yerli şirkətlər maliyyə bazarlarında ABŞ dollarının bahalaşması nəticəsində türk lirəsinin ucuzlaşması səbəbindən ağırlaşmış durumlarını rus qazı vasitəsilə bir qədər normallaşdırmaq istəyirlər.
Qiymət güzəştləri ilə bağlı "Qazprom"la BOTAŞ arasındakı danışıqlar dünənədək dalana dirənmişdi. Fevral ayının əvvəllərində Türkiyənin energetika naziri Taner Yıldız bildirmişdi ki, tərəflər təbii qazın qiymətlərinin BOTAŞ üçün 10,25 faiz aşağı salınması ilə bağlı razılaşma əldə ediblər. Fəqət bəyanatdan bəri ötən ayyarım ərzində "Qazprom" və BOTAŞ tarif güzəştlərini nəzərdə tutan əlavə anlaşmanı hələ də imzalamayıblar.
Problem güzəştin tətbiq formulu ilə bağlıdır. "Qazprom" güzəşti konkret, BOTAŞ isə baza qiymətinə tətbiq etmək istəyir. Son variant BOTAŞ üçün sərfəlidir. İki varianta uyğun hesablamalarda fərq təbii qazın hər 1000 kubmetrində cəmi bir neçə dollar etsə də, dünya bazarlarında xam neftin bahalaşacağı təqdirdə fərq əhəmiyyətli olasıdır.
Bəhs etdiyimiz 10,25 faizlik güzəşt ötən ilin dekabrın sonlarında "Cənub axını" layihəsi ilə bağlı işlərin dayandırılmasından sonra ildə 63 milyard kubmetrədək təbi qazın nəqlinin nəzərdə tutulduğu "Türk axını" qaz boru kəməri barədə Moskva və Ankara arasındakı siyasi sövdələşmələrin bir hissəsi idi.
"Cənub axını" boru kəmərinin inşasına cəlb olunan və dənizin təki ilə boruların çəkilməsi üçün nəzərdə tutulan gəmilər artıq 4 aydır ki, Bolqarıstanın Varna limanında gözləyir. Onların boş dayanaraq gözləmələrinin pulunu isə təbii ki, "Qazprom" ödəyir.
"Qazprom" danışıqları aktivləşdirmək, "Türk axını"nın Qara dənizin dibi ilə çəkiləcək hissəsinin layihə tədqiqatları üçün Türkiyənin ərazi sularında araşdırmalara başlamaq istəyir. Bunun üçün Ankaradan rəsmi icazə gərəkdir.
Ankara o icazəni hələ verməyib.
BOTAŞ şirkəti ilə bahəm, Türkiyənin hakimiyyət dairələri "Türk axını" barədə çox danışmaq istəmir və bütün diqqəti Azərbaycanın təbii qazını Avropa Birliyinə çıxaracaq Trans-Anadolu boru kəmərinə (TANAP) yönəltdiyini deyir.
Qars vilayətində TANAP-ın təməlqoyma mərasimi keçirildi. Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviçin Qarsdakı çıxışı da bir sıra məqamlara aydınlıq gətirib. Avrokomissar əvvəlki dönəmlərdən tam fərqli olaraq bu dəfə tam çılpaq şəkildə bəyan etdi ki, Rusiyanın təbii qazının Türkiyə ərazisi ilə Avropa Birliyinə nəqli ilə bağlı istənilən qərar Brüssellə "zəruri və labüd müzakirələr, məsləhətləşmələr"dən sonra qəbul olunmalıdır.
Bununla da M.Şevçoviç yetərincə açıq şəkildə dedi ki, Avropa Birliyi Rusiyanın "mavi yanacağı" ilə müqayisədə Azərbaycanın təbii qazına üstünlük verir.
"Cənub axını" Qara dənizdən Bolqarıstana, oradan Serbiyaya, daha sonra Macarıstan, Xorvatiya, Bosniya-Hersoqovina, Sloveniyaya çəkilməli idi. "Cənub axını" İtaliyaya çatanda marşrutun başa çatması planlaşdırılmışdı.
"Türk axını" isə Qara dənizin dibi ilə Türkiyəyə çəkiləcək, oradan Türkiyə-Yunanıstan sərhədinə çatdırılacaq. Sərhəddə hab tikiləcək və Avropa Birliyi ölkələri də Rusiyanın təbii qazını bu habdan almalıdırlar.
Maroş Şevçoviç onu da bildirib ki, "Türk axını" ilə bağlı Rusiya tərəfdən Avropa Birliyinə heç bir təklif ünvanlanmayıb. Bununla da Brüssel Rusiya və Türkiyənin birgə layihəsinin "hələ nəzərdən keçiriləcəyinə" işarə vurub.
Türkiyə "Qazprom"dan güzəşti mümkün qədər tez almağa çalışır. Türk lirəsi dollara nisbətən ucuzlaşmağa davam etdiyindən yanacağı ABŞ dolları ilə alan türk şirkətlərinin gəlir marjası da sürətlə azalmaqdadır. "Qazprom"un Türkiyəyə satacağı təbii qazın qiymətlərində 10,25 faizlik güzəştlə bağlı anlaşma əldə olunduğu fevral ayından bəri dollara nisbətdə lirənin kursunda 8 faiz geriləmə var.
2012-ci ildə "Qazprom" BOTAŞ üçün qiymət güzəşti edəndə məhz baza satış qiyməti 10 faiz azaldılmışdı. "Qazprom" indi də analoji güzəştə razılaşarsa, tərəflər dil tapa bilərlər.
Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldızsa dünən Ankarada keçirilən Turoge-2015 neft-qaz konfransında bildirib ki, "Qazprom"un Türkiyəyə satdığı qazın qiymətlərində güzəştlə bağlı anlaşma artıq əldə olunub: "Rusiyalı tərəfdaşlarımızla danışıqlarda problemlərin mövcudluğu barədə iddialar əsassızdır. 10,25 faizlik güzəştlə bağlı razılaşmanın əldə olunduğu barədə artıq demişəm. Belədir, çünki mən rəsmi informasiya mənbəyiyəm. Güzəştlə bağlı sənədlər hələlik imzalanmasa da, bütün bunlar artıq texniki detallardır. Əsas odur ki, razılaşmışıq. İmzalar isə olacaq".
Orxan Hun
Milli.Az