[ 18 Mart 2015 18:32 ]


Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin üzvü Sahibə Qafarova AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün martın 19-da Fransanın paytaxtı Parisə yola düşəcək.

MM-dən APA-ya verilən məlumata görə, iclasda insan hüquqları ilə əlaqədar bir sıra məsələlərə baxılacaq.

 

Əvvəlcə qadınların siyasətdə təmsilçiliyinin artırılması yolları araşdırılacaq, bu istiqamətdə həyata keçirilə biləcək tədbirlər müəyyənləşdiriləcək.  S. Qafarova AŞPA-nın növbəti iclaslarında müzakirəyə çıxarılacaq “Qadınlara qarşı zorakılıqla mübarizədə müsbət təcrübənin təşviqi” mövzusunda hazırladığı məruzənin ilkin layihəsini təqdim edəcək. Layihə ətrafında fikir mübadiləsi aparılacaq.

 

Sonra  Avropa cəmiyyəti üçün də yeni olan atalıq məzuniyyəti məsələsinə diqqət yetiriləcək, “Atalıq məzuniyyəti zamanı ataların hüquqlarının qorunması” mövzusu ətraflı müzakirə ediləcək. Komitədə “Yeni irqçiliklə mübarizənin gücləndirilməsi”, həmçinin “Avropada cinsi azlıqlara qarşı diskriminasiya” mövzuları da gündəmdə olacaq.

 

Səfər martın 22-də başa çatacaq.