Bakı, 18 mart, Salehə Əliyeva, AZƏRTAC
Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatında MDB Parlament Assambleyasının Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyinə həsr edilmiş “Yaddaş estafeti” aksiyası çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatının sədri general-mayor Dadaş Rzayev qonaqları səmimi salamlayıb. O qeyd edib ki, “Yaddaş estafeti” aksiyası Minskdə başlanıb. Estafetin yolunda ikinci şəhər Bakıdır.
Görüş iştirakçıları Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri, MDB Parlamentlərarası Assambleyasının Valentina Matviyenkonun MDB ölkələrində yaşayan Böyük Vətən Müharibəsi iştirakçılarına və veteranlarına video-müraciətinə baxıblar. V.Matviyenko bu video-müraciətdə veteranların hünərinə görə onlara təşəkkürünü bildirərək qeyd edir ki, indiki siyasətçilərin vəzifəsi nasizmin yenidən dirçəlməsinə yol verməməkdir.
Valentina Matviyenko öz müraciətində xatırladır ki, tarixdə ən qanlı müharibənin sonluğu Sovet İttifaqı ərazisində gedən döyüşlərdə həll edilirdi.
RF Federasiya Şurasının spikeri deyib: “Bu müharibə hər bir ailəyə təsir göstərib. SSRİ-nin bütün müttəfiq respublikalarında, bütün millətlərdən olan sakinlər Vətənin müdafiəsinə qalxdı və biz qalib gəldik. Ona görə də Qələbə Günü bizim ümumi bayramımızdır. Bu, bütün MDB ölkələrinin vətəndaşları üçün müqəddəs bayramdır”.
D.Rzayev qonaqlara Azərbaycan Veteranlar Təşkilatının işi barədə məlumat verib. Qeyd edilib ki, müharibə və əmək veteranları dövlətin gündəlik qayğısını hiss edirlər. Azərbaycan Prezidenti İlham Əliyev veteranların sosial müdafiəsi məsələsini şəxsi nəzarətində saxlayır: veteranlara prezident təqaüdü ödənilir, müntəzəm olaraq onlara mənzil və avtomobillər ayrılır, digər güzəştlər şamil edilir.
Bundan əlavə, hər il Qələbə Günü ərəfəsində dövlət başçısının müvafiq sərəncamı ilə müharibə veteranlarına, müharibədə həlak olmuş və ya müharibədən sonra vəfat etmiş döyüşçülərin dul qadınlarına, habelə müharibə illərində orden və medallarla təltif edilmiş arxa cəbhə əməkdaşlarına birdəfəlik maddi yardım göstərilir.
Bizim veteranlar tibbi xidmətlərdən, sanatoriya-kurort müalicəsindən istifadə edirlər. Bu məqsədlə respublikada əsas müalicə-sağlamlıq müəssisələri ilə yanaşı, müharibə və əmək veteranları üçün ixtisaslaşdırılmış xəstəxana və pansionatlar fəaliyyət göstərir. Böyük Vətən müharibəsi əlillərinə hər il dəmiryol, dəniz və avtomobil nəqliyyatı ilə MDB ölkələrinə pulsuz səfər etmək üçün talonlar verilir.
Qələbənin 70 illiyinə hazırlıq prosesində Azərbaycan Veteranlar Şurası veteranların və ahıl insanların sosial mənafelərinin müdafiəsinə yönəlmiş təşkilati, sosial və ictimai-siyasi Tədbirlər Proqramı hazırlayıb.
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının üzvü Lyudmila Kozlova qeyd edib ki, “Yaddaş estafeti” martın 11-də Minskdə start götürüb. Bundan sonra MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti Bakıya gəlib. Martın 20-də Kişineuda (Moldova), martın 24-də Yerevanda (Ermənistan), martın 27-də Bişkekdə (Qırğızıstan), martın 31-də Düşənbədə (Tacikistan), aprelin 6-da Astanada (Qazaxıstan) təntənəli tədbirlər keçiriləcək. Estafet aprelin 16-da Sankt-Peterburqda başa çatacaq.
Nümayəndə heyətinin üzvləri Birlik paytaxtlarında Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq ucaldılmış memorialları ziyarət edəcək, oradakı əbədi məşəl odunu xüsusi kapsullarda aparacaq, veteranlar və gənclərlə görüşəcəklər. Qələbə memoriallarından götürülmüş və Sankt-Peterburqa gətirilmiş əbədi məşəl hissələri “Yaddaş estafeti” aksiyasının finalına qədər “Leninqradın Qəhrəman Müdafiəçiləri” monumentinin yeraltı Xatirə Zalında saxlanılacaq, sonra isə xüsusi kapsullarda monumentin ekspozisiyasında yer alacaqlar.
2015-ci il aprelin 16-da Sankt-Pterburqdakı Tavriya sarayı qarşısında təntənəli mərasim keçiriləcək. Burada MDB üzvü olan Dövlətlərin Parlamentlərarası Assambleyasının nümayəndələri həmin əbədi məşəl hissələrini Birliyin vahid əbədi məşəl şəklində birləşdirəcək və onu Sankt-Peterburq Dövlət Tarix Muzeyinin “Leninqradın Qəhrəman Müdafiəçiləri Monumenti” filialına təqdim edəcəklər.
L.Kozlova qeyd edib ki, bu estafet Qələbə Gününün Birlik dövlətləri üçün ümumi bayram olduğunu bütün dünyaya nümayiş etdirir.
Böyük Vətən müharibəsi iştirakçısı, I dərəcəli kapitan, Böyük Vətən müharibəsi haqqında 50-dən çox kitabın müəllifi Aleksandr Qritçenko öz çıxışında vurğulayıb ki, Qələbə Günü Bakıda hər il yüksək səviyyədə qeyd edilir. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev veteranlarla görüşür, onlarla birlikdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət edir.
Tədbirin sonunda Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə, mədəniyyət xadimlərinə və Rusiya ictimaiyyətinə müraciət qəbul edib.
