"Report"un məlumatına görə, Agentliyin açıqlamasında SOCAR-ın reytinqinin Azərbaycanın suveren reytinqi ilə eyni ("BBB-"/stabil) olduğu və neft-qaz sənayesində ölkənin maraqlarını təmsil edən strateji əhəmiyyəti qeyd olunub. Bundan başqa, SOCAR-ın investisiya qərarlarının verilməsində Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) ilə sıx əməkdaşlıq etdiyi vurğulanıb.
Bununla yanaşı qeyd olunur ki, Türkiyədə həyətə keçirdiyi 5,6 mlrd. dollar dəyərində "Star" neftayırma zavodunun inşası layihəsində SOCAR üzərinə 1,4 mlrd. dollarlıq öhdəlik götürüb. SOCAR 2017-ci ildə bitməsi planlaşdırılan və 60%-ə sahib olduğu bu layihənin icrasına öz vəsaitlərindən daha 800 mln. dollar ayırmağı planlaşdırır.
Agentliyin açıqlamalarına əsasən, 2016-cı ildən etibarən SOCAR-ın mövcud köhnə yataqlarında neft ehtiyatlarının tükənməsi səbəbilə neft istehsalının azalacağı, əvəzində isə 2018-ci ildən Xəzərdəki "Şahdəniz" yatağından ildə 16 mlrd. kubmetr qaz hasilatı ilə gəlirlərini kompensasiya edəcəyi gözlənilir.
"Fitch" SOCAR-ın 2015-2016-cı illərdə kapital xərclərinin 2,2 mlrd. dollar olacağını ehtimal edir. Xərclər əsasən cari layihələrin başa çatdırılması, "Star" zavodunun inşasına ayrılacaq. "Fitch" agentliyi 2015-ci ildə dünya bazarında neftin barelinin qiymətinin 55 dollar, 2016-cı ildə ortalama 65 dollar olacağını ehtimal edir. Həmçinin, SOCAR-ın leverecinin 2 əmsalınından yüksək olacağı proqnozlaşdırılır.