Bakı, 18 mart, AZƏRTAC
Suriyadakı münaqişəyə, hətta Bəşər Əsədin iştirakı ilə olsa belə, yalnız danışıqlar stolu arxasında son qoymaq olar. Bu fikri Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer səsləndirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ştaynmayer rəsmi Dəməşq və Suriya müxalifəti ilə ölkədə yaranmış böhranın nizamlanması variantlarını müzakirə edən BMT baş katibinin xüsusi elçisi Staffan de Misturanın səylərini dəstəkləyib.
Martın 12-də BMT-nin baş katibi Pan Gi Mun Suriyadakı münaqişənin 4-cü ildönümü ilə əlaqədar çıxışında ölkənin “tam iflas” astanasında olduğu barədə xəbərdarlıq edib. Təhlükəsizlik Şurasını qırğının qarşısını almaq üçün qətiyyətli addımlar atmağa çağıran baş katib münaqişə zamanı artıq 220 min insanın həlak olduğunu, 11,5 milyon insanın isə evlərini tərk etmək məcburiyyətində qaldığını xatırladıb.