Bakı, 18 mart, AZƏRTAC
Rusiya Federal Gömrük xidmətinin (FGX) əmri ilə ABB-Moskva Bankı üçün bir bank zəmanətinin maksimal məbləği 35 milyon rubldan 140 milyon rubla, fəaliyyətdə olan bütün bank zəmanətlərinin maksimal məbləği 170 milyon rubldan 700 milyon rubladək artırılıb.
Bu barədə Azərbaycan Beynəlxalq Bankından AZƏRTAC-a bildirilib.
Qeyd edək ki, 2010-cu ildə Rusiya FGX ABB-Moskva Bankını gömrük rüsumlarının ödənişi üzrə zəmanətlər vermək hüququna malik olan bankların siyahısına daxil edib. Maliyyə-kredit təşkilatlarının bu siyahıya daxil edilməsi bank tərəfindən müştəri üçün illik zəmanət haqlarının endirilməsinə və təsdiqi müddətini əhəmiyyətli dərəcədə qısaltmağa imkan verir.