Bakı, 18 mart, AZƏRTAC
“Global Finance” jurnalı “AccessBank”ı “Asiya-Sakit okean regionu üzrə inkişaf edən bazarların ən yaxşı bankı” nominasiyasında “Azərbaycanın ən yaxşı bankı” adına layiq görüb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bank sektoru üzrə analitiklərin, korporasiya rəhbərlərinin və bank məsləhətçilərinin köməyi ilə jurnalın redaktorları, regionun inkişaf edən bazarının 25 ölkəsi arasında ən yaxşı bankı seçiblər. Qalibin seçim meyarları aktivlərin artımına, strateji əlaqələrin mövcudluğuna, müştəri xidmətlərinin yüksək keyfiyyətinə, qiymətlərin rəqabət qabiliyyətinə və innovativ məhsulların qiymətləndirilməsinə əsaslanıb.
“AccessBank”ın idarə heyətinin sədri Michael Hoffmann bildirib: “Global Finance kimi nüfuzlu bir təşkilat tərəfindən edilən bu təltif hər gün öz müştərilərinə yüksək keyfiyyətli bank xidmətləri və məhsulları təqdim etməyə çalışan “AccessBank” mütəxəssislərinin səyini və uğurlu fəaliyyətini əks etdirir”.
“Yeni tənzimləyici perspektivlər və dəyişkən şərait səbəbindən bütün dünyada bank bazarları əhəmiyyətli dərəcədə dəyişir. Bazarın bəzi qlobal iştirakçılarının öz əhatə zonasını və məhsul çeşidlərini azaltdığı bir vaxtda bəzi regional və yerli iştirakçılar öz daxili bazarlarını genişləndirirlər. Biz fəaliyyət göstərdiyi bazarlara böyük töhfə verən və həmin bazarlardakı müştərilərin səciyyəvi ehtiyaclarını anlayan bankları mükafatlandırırıq” – deyə “Global Finance” jurnalının naşiri və baş redaktoru Cozef D. Ciaraputo bildirib.
Artıq 22-ci ildir ki, “Global Finance” jurnalı inkişaf edən bazarlarda ən yaxşı bank iştirakçılarını seçir. Onun hesabatları Latın Amerikasının, Mərkəzi və Qərbi Avropanın, Asiya və Sakit okean regionlarının, eləcə də Yaxın Şərqin və Afrikanın ən yaxşı banklarını seçir.
“Global Finance” jurnalı beynəlxalq maliyyə sektorunun materiallarını dərc etdirir. Buraya korporativ maliyyələşdirmə, birgə müəssisələr haqqında yeniliklər, ölkənin profilləri və s. mövzular daxildir. Həmçinin, jurnal il ərzində maliyyə institutlarının və şirkətlərin təltifatı üzrə bir neçə mərasim həyata keçirir. Ən böyük mərasim Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hər il keçirilən görüşü zamanı təşkil olunur.