Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı, Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), habelə ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələrinin, Beynəlxalq Əmək Təşkilatının (BƏT) mütəxəssislərinin iştirakı ilə Azərbaycanda əmək haqqı siyasəti üzrə Milli Üçtərəfli Konfrans öz işinə başlayıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, konfransı giriş sözü ilə açan nazir müavini İdris İsayev Azərbaycanın makroiqtisadi inkişafından, habelə qeyri-neft sektorunun tərəqqisi yönündə əldə olunan nailiyyətlərdən söz açıb.
Nazir müavini qeyd edib ki, minimum əmək haqqı ölkədə iqtisadi inkişafın tələbləri, ölkə üzrə orta aylıq əmək haqqı səviyyəsi, sosial müavinətlər, pensiya, sosial demoqrafik qruplar üzrə yaşayış minimumu, inflyasiya səviyyəsi ilə bağlı olan və ixtisassız əməyə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ olduğu üçün onun məbləğinin düzgün müəyyən olunması xüsusi önəm kəsb edir: “2004-cü ildə “Dəyişdirilmiş Avropa Sosial Xartiyası”na qoşulan Azərbaycan bu Xartiyanın 4-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq işçilərə və onların ailələrinə layiqli həyat səviyyəsini təmin edəcək səviyyədə əmək haqqı ödənilməsi hüququnu tanıyıb. Bununla əlaqədar verilən şərhlərə əsasən, Xartiyanın ratifikasiya etmiş dövlət minimum əmək haqqının ölkə üzrə orta əmək haqqının 60 faizindən az olmaması prinsipini təmin etməlidir. Xartiyadan irəli gələn bu öhdəlik “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapıb”.
İ.İsayev hazırda Azərbaycanda bir çox sahələrdə orta aylıq əmək haqqının minimum aylıq əmək haqqını dəfələrlə üstələdiyini bildirib: “Məsələn, 2013-cü ildə ölkə üzrə orta aylıq əmək haqqı minimum aylıq əmək haqqından 4,4 dəfə, mədənçıxarma sənayesində 15,6 dəfə, maliyyə və sığorta fəaliyyəti üzrə 11,6 dəfə, informasiya və rabitə üzrə 6,9 dəfə, peşə, elmi və texniki fəaliyyət üzrə 6,9 dəfə, tikinti üzrə 6,4 dəfə yüksək olub. Hər il respublikada minimum aylıq əmək haqqı bir, bəzi illərdə hətta iki dəfə artırılıb. Nəticədə 2005-ci illə müqayisədə orta aylıq əmək haqqı 3,6 dəfə artdığı halda, minimum aylıq əmək haqqı 4 dəfə artırılıb. 2014-cü ildə xalis minimum aylıq əmək haqqı xalis orta aylıq əmək haqqının 27,7 %-ni təşkil edib. Hazırda minimum aylıq əmək haqqı ölkə üzrə yaşayış minimumunun 80,2%-i səviyyəsindədir”.
Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev, AHİK-in sədr müavini İlyas Əliyev çıxış ediblər.