Kopenhagen, 18 mart, AZƏRTAC
Danimarkanın paytaxtı Kopenhagendə bu ölkədə fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir keçirilib.
Cəmiyyətin sədri Səfər Sadiqi Novruz bayramının tarixindən danışaraq onun mədəniyyətlərarası dialoqun tərkib hissəsi kimi xalqların yaxınlaşmasında, adət-ənənələrlə tanışlıqda, insanlar arasında dostluq əlaqələrinin möhkəmlənməsində böyük rol oynadığını söyləyib.
Tədbir bayram proqramı ilə davam edib. “Cırtdan” uşaq yaradıcılığı qrupu Azərbaycan milli rəqslərini və müxtəlif tamaşalardan götürülən səhnələri mərasim iştirakçılarına təqdim edib.
Bayram tədbirində Danimarkada yaşayan Azərbaycan, türk türkmən və digər xalqların diaspor nümayəndələri iştirak ediblər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Kopenhagen

