Bakı, 18 mart, AZƏRTAC
Yaxın günlərdə Azərbaycan Tərcümə Mərkəzində “Müasir Azərbaycan şeiri antologiyası” ingilis dilində işıq üzü görəcək. Azərbaycanın 55 tanınmış şairinin 101 şeirindən ibarət antologiyanın geniş təqdimatı da nəzərdə tutulur.
Bunu AZƏRTAC-a filologiya üzrə fəlsəfə doktoru, yazıçı, tərcüməçi Kamran Nəzirli bildirib.
Tərcüməçi qeyd edib ki, son illər Azərbaycanın yazıçı və şairlərinin əsərlərinin ingilis dilində nəşr edilməsi və onların xarici ölkələrdə tanıdılması sahəsində fəaliyyətini daha da genişləndirmək niyyətindədir. O, Anarın, Elçinin, Kamal Abdullanın, Afaq Məsudun, Yaşarın, Kamil Əfsəroğlunun, Natiq Məmmədlinin hekayələri, Söhrab Tahir, Bəxtiyar Vahabzadə, Ramiz Rövşən, Vahid Əziz, Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Ağacəfər Həsənli və Zakir Fəxrinin şeirlər toplusu üzərində çalışdığını deyib.