Bakı, 17 mart, Xalid Məmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində martın 17-də 20 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasından yola çıxan və IX-XI sinif şagirdlərindən ibarət olan 160 nəfərlik qrupu Bakıya gətirən təyyarə axşamüstü Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enib.
AZƏRTAC xəbər verir ki, Bakıda 4 qrupa ayrılacaq naxçıvanlı şagirdlər Lənkəran, Astara, Masallı, Quba, Qusar, Xaçmaz, Gəncə, Şəmkir, Göygöl, İsmayıllı, Şəki, Qəbələ istiqamətlərində səfər edəcək, həmin rayonlardakı tarixi-mədəni abidələrlə tanış olacaqlar.
Culfa rayonundan olan orta məktəb şagirdi Hüseyn Əsgərov deyib: “Ölkəmizin regionlarını gəzmək, tarixi yerləri ilə tanış olmaq çoxdankı arzum idi. “Ölkəmizi tanıyaq” layihəsi sayəsində mən də bu arzuma qovuşmuşam. Əminəm ki, bu tur-aksiya mənim və yaşıdlarımın hərtərəfli inkişafına müsbət təsir göstərəcək. Belə layihələr gənclərin dünyagörüşünün zənginləşməsinə, ölkəmiz haqqında biliklərin artmasında əvəzsiz rol oynayır”.
Naxçıvan şəhər qızlar liseyinin şagirdi Əfsanə Hüseynova isə layihədə iştirak etməsinə şad olduğunu bildirib: “Azərbaycan bölgələrinin tarixi, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında çox oxumuşdum. Tur-aksiya zamanı isə oxuduqlarımı bir daha əyani şəkildə görəcəm. Məktəblilər üçün belə bir imkanı yaratdığına görə tur-aksiyada iştirak edən şagirdlər adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Sonra tur-aksiya iştirakçıları avtobuslarla bölgələrə yola düşdülər.