Bakı, 17 mart, Günel Əfəndiyeva, AZƏRTAC
Martın 17-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) nümayəndə heyəti faşizm üzərində Qələbənin 70-ci ildönümünə həsr olunan tədbirlər çərçivəsində İçərişəhərlə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan və Azərbaycan Respublikası parlamentlərinin üzvləri, o cümlədən MDB PA-nın əməkdaşları, habelə veteranlar əvvəlcə Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat alıblar. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.
Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da qonaqlarda böyük maraq doğurub.
Sonra qonaqlar “Karvansara” restoranı ilə tanış olublar.
Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı təndir çörəyinə qonaq edilən nümayəndə heyəti xalqımızın qonaqpərvər olduğunu qeyd ediblər.
Gəzinti zamanı qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə tanışlıq olub. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunan tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günə qədər öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
Daha sonra nümayəndə heyəti elektromobillə gəzinti zamanı İçərişəhərdə yerləşən məscid və minarələrlə tanış olublar. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar qorunub saxlanılır.