“Kaspi” qəzeti “Tibb” adlı yeni rubrikaya start verir. Bu rubrikada ölkənin tanınmış tibb mütəxəssisləri ilə müsahibələrdə insanları maraqlandıran xəstəliklər barədə ətraflı məlumat veriləcək, həkim məsləhətləti təqdim olunacaq.Zaur Xəlilov: “Cərrah üçün öz imkanlarını doğru dəyərləndirmək çox vacibdir”
“Xəstəxanaların, sağlıq qurumlarının, həkimlərin, dərmanların efirdə reklamını çox da alqışlamıram. Həkimin reklamı onun gördüyü iş olmalıdır. Həkimin peşəkarlığı, xəstələrlə ünsiyyəti - əsas faktorlar bu olmalıdır”. Mərkəzi Klinik Xəstəxananın baş həkim müavini, Cərrahiyyə şöbəsinin müdiri, ümumi cərrah Zaur Xəlilovla müsahibəmizdə tibb elmindəki son nailiyyətlərin çalışdığı xəstəxanada tətbiqi, qarşıda duran məqsədlər və s. barədə söhbətləşdik.
İnsanın özünə qarşı diqqəti
- Dahilərdən biri deyib ki, insanın sağlamlığı həkimin məharətindən və dərmanlardan daha çox onun vərdişlərindən və qidalanmasından asılıdır. Bu sözlərdə nə qədər həqiqət var?
- Fikrimcə, insanın sağlam olmasında faktorların sayı kifayət qədər çoxdur. İstər qida faktorları, istər həyat tərzimiz, həyat ritmimizin, istərsə də yaşadığımız mühitdə stress faktorlarının sağlam olmağımızda ciddi rolu var. Deyərdim ki, insanın öz sağlamlığına diqqətli olması daha vacıb amildir.. Bu baxımdan söylədiyimiz faktorlardan daha əhəmiyyətlisi insanın özünün sağlamlığına qarşı olan diqqətidir. Bu, daha üstün mahiyyət kəsb edir.
- Sadaladığınız bu xəstəliklərin hamısının tam müalicəsi mümkündürmü? Bəzən eşidirik ki, adi bir xəstəlikdən insanlar dünyasını dəyişir.
- Təbii ki, bütün xəstəliklərin tam aradan qaldırılması, insanların xəstəliyindən asılı olmayaraq tam sağlamlığına qovuşmasını həmişə təmin etmək qeyri-mümkündür. Lakin bu gün tibbin inkişafı, tibb aləmində olan elmi-texniki tərəqqinin istifadəsi bir çox xəstəliklərin müalicəsində daha yaxşı nəticələr almaq üçün şərait yaradıb. Bu gün ölkəmizdə də yeni-yeni xəstəxanalar qurulur və müasir avadanlıqlarla təchiz olunur. Ölkəmizdə olan rezidentura sistemi nəticəsində ümid edirik ki, perspektivdə savadlı yerli kadrların yetişdirilməsində yaxşı nəticələr əldə olunacaq.
Bəlli risklər var
- Ölkəmizdə müxtəlif orqanların transplantasiyası həyata keçirilir. Ancaq donorların çatışmazlığı ilə bağlı şikayətlər eşidilir. Problem nədədir?
- Bu sahə ölkəmizdə nisbətən yeni olduğu üçün təbii ki, donorla bağlı problemlər yaşamaqdayıq. Mərkəzi Klinik Xəstəxanada böyrək köçürülməsi əməliyyatı həyata keçirilir. Donor problemi doğrudan da bu işin aparılmasına ciddi əngəllər yaradır. Əvvəla, beyin ölümü olan xəstələrdə orqan alınma proseduru tətbiq olunmamaqdadır. Bu, əhali üçün də bir qədər yeni olduğu üçün ciddi çətinliklər yaradır və bu gün Azərbaycanda bu iş hələ icra olunmur. Söhbət canlı donorlardan gedir. Donorların seçimi və əməliyyat nəticələri haqqında əhali az məlumatlıdır. Cəmiyyətdə tez-tez rast gəlirik: xəstə gəlir, ən yaxın qohumu, ailə üzvü belə, təhlillər, nəticələr uyğun olmasına baxmayaraq, donor olmaqdan imtina edir. Təbii ki, bəlli risklər var. Amma əməliyyat öncəsi aparılan ətraflı müayinələr donor üçün istər əməliyyat risklərini, istərsə də əməliyyatdan sonrakı yaşam müddətində ortaya çıxa biləcək problemləri minimal səviyyədə saxlamağa imkan verir. Donorların seçimində ciddi kriteriyalar mövcuddur. Təbii ki, donorun gələcək həyatı üçün az da olsa risklər mövcuddursa, o donorların əməliyyata alınması dayandırılır. Bu kriteriyaların da ictimaiyyətə geniş təbliğ olunması lazımdır ki, gələcəkdə insanlar bu işdə daha aktiv iştirak edə bilsinlər. Ona görə bu işin daha geniş yayılmasında KİV-in, ziyalı təbəqələrin üzərinə vəzifələr düşür. Bu işin təbliğatı lazımdır ki, insanlar öncə bunun nə qədər faydalı olduğuna inansınlar.
- Bəzən xarici ölkələrdə insanlar sağ ikən: “Müəyyən orqanlarımı bağışlayıram” - deyə elan edirlər. Bizdə bu cür faktlara rast gəlinirmi?
- Son vaxtlar bir neçə kampaniya aparıldı və bu sahədə bir qədər hərəkətlilik yarandı. Amma təəssüf ki, bu, qısa müddət çəkdi. Bilirsiniz ki, təbliğat olmayınca, insanlar da unutmağa doğru gedir. Məncə, bu işlərin bir müddət davamlılığını təmin etmək lazımdır. Bir çox ölkələrdə bu prosedur qaydaları var. Avropanın bir çox ölkələrində insan sağlığında orqanlarından donor kimi istifadə olunmasına etiraz etdiyini rəsmi bəyan etməmişsə, beyin ölümü ilə qarşı-qarşıya qalarsa, avtomatik donor olmağa razı olmuş kimi qəbul olunur. Yəni əgər sağlığında belə bir müraciət imzalamamışsa, hər hansı bir qəza nəticəsində xəstə xəstəxanaya düşürsə, beyin ölümü təsdiqlənirsə, soruşdurulmadan onun daxili orqanları donor kimi istifadə olunur. Təbii ki, bizim cəmiyyət üçün bu cür təbliğatların aparılmasından ötrü uzun zaman lazımdır.
- Evtanaziya ilə bağlı fikirləriniz də mənə maraqlıdır. Bəzi ölkələrdə “yüngül ölüm” həyata keçirilir. Bizdə isə evtanaziya ilə bağlı fikirlərə münasibət birmənalı deyil.
- Təbii ki, bizim işimiz xəstələrin sağlamlığı uğrunda mübarizəyə bağlı olduğu üçün mən ölüm haqqında düşünməməyə çalışıram. Amma təəssüf ki, bu da bizim işimizin bir parçasıdır. İstər-istəməz cərrah üçün hər bir xəstəsinin itkisi ağır bir travmadır. Mən evtanaziyanın əleyhinəyəm. İnsanı biz yaratmadıq ki, Allahın verdiyi canı da onun əlindən alaq. Bu baxımdan mən psixoloji olaraq evtanaziyanı qəbul edə bilmirəm. Lakin mən ümidsiz bir mərhələyə çatmış və perspektivi olmayan xəstələrə tibbi xidmətin dayandırılmasının daha çox tərəfdarıyam. Yəni tutaq ki, xəstə onkoloji xəstədir, terminal bir mərhələdədir, artıq bütün resurslar tükənib. Həmin xəstəni yerdə qalan zamanında da süni tənəffüs aparatına qoşub, nəticəsi olmayan dava-dərmanla onu yükləməkdənsə, sadəcə, göstərilən tibbi xidmətin dayandırılması, məncə, daha düzgün yanaşma olardı. Təbii ki, bu işdə əsas qərar xəstənin ailəsindən asılıdır.
- Bu gün insanların şikayətləndiyi problemlərdən biri də piylənmə və onun fəsadları ilə bağlıdır. İnsan sağlam olması üçün nələrə riayət etməlidir ki, onda piylənmə, şəkər xəstəliyi, hipertoniya və s. xəstəliklər baş verməsin.
- Təəssüf ki, artıq çəki günümüzdə problem olaraq qəbul olunur və zaman keçdikcə çox yayğın bir hala çevrilir. Amerikada və Qərb ölkələrində statistik olaraq parametrlər Azərbaycandan daha ciddi şəkildə özünü göstərir. Bu da daha çox insanların çox yüksək kalorili qida tükətmələri ilə əlaqədardır. Üstəlik, oturaq həyat tərzi, insanın aldığı kaloriləri xərcləməməsi artıq çəkinin yaranmasına səbəb olur. Nəticədə bir sıra həyati təhlükəli halların – şəkərli diabet, hipertoniya, ürək-qan damar problemi, beyin-qan dövranının pozulması ilə nəticələnən çox ciddi fəsadlar yarana bilir. Artıq çəki ilə mübarizə aparmaq üçün ilk növbədə qida faktoruna ciddi riayət etmək, aktiv həyat tərzi sürmək lazımdır. Əgər bunlar kömək etmirsə, cərrahi müdaxilə ilə artıq çəki probleminin aradan qaldırılması tətbiq olunur. Artıq bütün dünyada piylənmə ilə bağlı aparılan cərrahi əməliyyatların sayı ildən-ilə artmaqdadır. Bu əməliyyatların bir neçə çeşidləri var. Bəziləri sadəcə olaraq mədəni kiçiltməyə yönəlidir. Yəni mədənin həcmi kiçilir və insan az qida qəbul edərkən onda artıq doyma hissi yaranır. Bu əməliyyatlar artıq çəkinin bir ildə 75 faizə qədər azalmasına imkan yaradır. Bu, gözəl bir nəticədir. Bundan əlavə, bağırsaq mənfəzində əmilmə prosesini də azaldan əməliyyatlar var ki, bunlar super kökəlmələrdə geniş istifadə olunmaqdadır. Biz ötən ilin dekabr ayında Strasburqda, Avropa Telecərrahiyyə İnstitutunda bununla bağlı ixtisasartırma kurslarından keçdik və xəstəxanamızda da bu əməliyyatlar aparılma ərəfəsindədir.
- İndi insanlar həmçinin mədə xoraları, qastrit, mədə xərçəngi kimi xəstəliklərdən əziyyət çəkirlər. Bu xəstəliklərin yaranmasının əsas səbəbləri nədir?
- Bu gün xəstəliklərin tam təsdiq olunmuş səbəblərindən təkcə infeksion xəstəliklərin səbəbi aydındır. İnsanın orqanizminə hər hansı infeksion agent - bakteriya, virus düşür və bunun nəticəsində bir xəstəlik yaranır. Digər xəstəliklərin - istər ürək-damar, istər həzm sistemi, istər onkoloji xəstəliklərin və s. əmələ gəlməsində bir çox faktorlar rol oynayır. Son zamanlar xəstəliklərin artması fikrinə gəlincə, məncə, bu, xəstəliklərin artması səbəbi yox, diaqnostikanın mükəmməlləşməsi ilə bağlıdır. Yəni əvvəllər bu qədər təfərrüatlı müayinələr aparılmır, diaqnozlar vaxtında qoyulmurdu. İndi müayinələr daha erkən mərhələdə xəstəlikləri üzə çıxarır. Həzm sistemi, mədə xorası və onkoloji xəstəliklərin yaranmasında irsiyyət faktoru ilə yanaşı alimentar faktor da var. Yəni elmi olaraq sübut olunub ki, bu faktorların bəlli xəstəliklərin inkişafında rolları böyükdür.
Skalpel, yoxsa söz?
- Sizə elə gəlmirmi, bu gün efirdə, internet saytlarda, elə sosial medianın özündə belə həkim məsləhətlərindən daha çox klinikaların, dərmanların və həkimlərin öz reklamları yer alır?
- Bu, ağrılı bir məqamdır. Hətta indi şadlıq sarayları ilə müqayisə olaraq “filan xəstəxanada endirim oldu”- deyə reklamlar gedir. Digər tərəfdən, qeyri-peşəkar tibblə məşğul olan həkimlərin reklamları olur ki, bu da ciddi fəsadlara səbəb olur. İnsanlar reklama aldanaraq, qeyri-peşəkar insanların müalicəsi ilə qarşı-qarşıya qalırlar. Nəticədə həm xəstəliyin diaqnostikası gecikir, həm də yanlış istiqamətdə müalicə gedir. Bunun özü də əlavə fəsadlar yaradır. Xəstəliyin müalicəsi düzgün yolla getməlidir. Müalicəni yanlış yoldan düz yola istiqamətləndirmək sonradan biz mütəxəssislər üçün də çətin olur. Yaxşı olar ki, bu cür hallar da bəlli bir nəzarət altında olsun ki, insanlar yanlış informasiyaya aldanmasınlar.
- Sonuncu sualım bəlkə bir qədər obrazlı səslənəcək: sizcə, cərrahın skalpeli, yoxsa dili xəstəni sağaltmalıdır? Axı el arasında belə bir məşhur söz var: “Həkimin dili həkim olmalıdır”.
- Məncə, hər iki faktor çox əhəmiyyətlidir. Biz cərrahlar təbii ki, skalpeli bir kənara qoyub xəstənin cərrahi problemini yalnız danışmaqla aradan qaldıra bilmərik. Digər tərəfdən, xəstəni yaxşı əməliyyat edib ondan sonra acılasaq, bu da xəstənin ciddi psixoloji travma yaşaması və aparılan cərrahi əməliyyatdan sonrakı reabilitasiyada mənfi faktor ola bilər. Xəstənin müalicəsində ilk növbədə həkimin yüksək peşəkarlığı rol oynayır. İnsan gördüyü işə nə qədər hakimdirsə, bir o qədər də aldığı nəticə yaxşı olacaq. Cərrah üçün öz imkanlarını doğru dəyərləndirmək çox vacibdir. “Mən hansı xəstəni əməliyyat edə bilərəm”, bax onu seçməyi bacarmalısan. Yəni çox böyük bir işin altına girib xəstənin həyatını riskə atmaq haqqını heç kim heç kimə verməyib.
Milli.Az