Bakı, 17 mart, AZƏRTAC
Təhsil Nazirliyinin dəstəyi ilə Qubada icra edilən “Dəstək olaq hər birimiz, örnək olsun təhsilimiz” adlı layihəyə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin icra etdiyi layihə çərçivəsində Qubanın Xucbala və Qaraçay kənd tam orta məktəb müəllimləri üçün İKT, veb 2.0 və sosial şəbəkələr mövzularında təlimlər keçirilib.
Təlimlərdə 30 müəllimə MC Office proqramları, veb 2.0 sistemi, sosial şəbəkələr, təqdimatların hazırlanması, foto və video montaj proqramları üzərində iş mövzularında biliklər verilib.
Üç ay davam edən layihənin yekununda iştirakçı müəllimlərə sertifikatlar təqdim edilib.
Təşkilatın sədri Ramin Mahmudov, Quba rayon Təhsil Şöbəsinin metodisti Vüqar İmaməliyev və rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev layihənin əhəmiyyətindən danışaraq bildiriblər ki, elektron təhil sistemində müəllimlərin İKT sahəsində bilik və bacarıqlarının artırılması günün tələbidir. Bu baxımdan bu tipli layihələrin gələcəkdə digər kənd məktəblərinin müəllimləri üçün təşkil edilməsi vacibdir.
Qeyd edək ki, layihə Təhsil Nazirliyinin “İctimai təşəbbüslərin dəstəklənməsi” müsabiqəsi çərçivəsində keçirilib və əsas məqsəd “elektron məktəb-elektron müəllim” islahatına, xüsusilə də kənd ərazilərində yaşayan və kənd məktəblərində təlim verən müəllimlərin İKT sahəsində bilik və bacarıqlarını artırmaqla təhsilimizin inkişafına dəstək verməkdir.