Qazaxda yerli sakinlərlə məcburi köçkünləri qarşı-qarşıya qoyurlar
Rayonda sakinlərə məxsus pay torpaqlarını mənimsəyib yerində məcburi köçkünlər üçün yaşayış binası tikirlər.
Qazaxbəyli kənd sakinlərinin Milli.Az-a verdikləri məlumata görə, onların hər birinin pay torpaqlarından 5 sot olmaqla ayrılaraq təxminən 70 hektara yaxın otlaq sahəsi yaradılıb.
Lakin bu yaxınlarda otlaq sahəsi zəbt edilərək, sakinlərlə hesablaşmadan tikinti işlərinə başlanıb.
Vurğulanır ki, otlaq sahəsinin təxminən 20 hektara yaxın ərazisində məcburi köçkünlər üçün yaşayış kompleksinin inşa edilməsi nəzərdə tutulur.
Sakinlər iddia edrlər ki, kifayət qədər boş sahələr olduğu halda onların pay torpaqlarının işğal edilməsi və heç bir alternativ yer təklif edilməməsi özbaşınalıqdır.
Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdəliyev kənd sakinlərinin iddiası ilə razılaşmır. O, Milli.Az-a bildirdi ki, həmin torpaq sahəsi qanuna müvafiq şəkildə ayrılıb. Nağdəliyevin sözlərinə görə, həmin ərazi kənd sakinlərinin pay torpağı deyil, bələdiyyənin balansında olan ərazidir. İcra hakimiyyətinin rəsmisi əlavə etdi ki, prezidentin göstərişinə müvafiq olaraq həmin ərazidə məcburi köçkünlər üçün kompleks inşa edilməsi nəzərdə tutulur: "Qazaxda 7 min məcburi köçkün ailəsi var, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün bu addım atılır. Həmin torpaq sahəsi 1 il bundan əvvəl ayrılıb. Sadəcə, tikinti işlərinə indi başlanılıb".
Otlaq sahəsi üçün alternativ təklif edilib-edilmədiyinə gəlincə isə F.Nağdəliyev bildirdi ki, bu artlıq bələdiyyənin səlahiyyətində olan məsələdir. Bələdiyyənin ehtiyat torpaq fondundan bu məsələ həllini tapa bilər.
Bundan başqa sakinlərin pay torpaqları var ki, ondan həm də mal-qaralarını otarmaq üçün istifadə edə bilərlər.
Milli.Az