Zaqatala, 17 mart, Mustafa Dadaşov, AZƏRTAC
Novruzun gəlişi münasibətilə martın 17-də Zaqatala şəhərinin mərkəzi küçələrindən birində, əhalinin gediş-gəlişinin sıx olduğu yerdə bayram satış yarmarkası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan yarmarka Novruz bayramı ərəfəsində əhalinin ərzaq malları və kənd təsərrüfatı məhsullarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək, həmçinin bazarlarda süni qiymət artımının qarşısını almaq məqsədi daşıyır.
Yarmarkada rayonun yaşayış məntəqələrindən gətirilmiş ət və süd məhsulları, ev quşları, yumurta, meyvə-tərəvəz, göyərti və bayram çərəzləri satışa çıxarılıb. Məhsullar alıcılara bazardakından 15-25 faiz aşağı qiymətə təklif olunur. Məsələn, bazarlarda mal ətinin bir kiloqramının qiyməti 7 manat olduğu halda yarmarkada 6 manata, bazarlarda 8 manata satılan qoyun əti yarmarkada 7 manata, diri ev quşları isə bazardakından 2-3 manat aşağı qiymətə satılır. Digər məhsulların qiymətləri də bazarlardakından ucuzdur.
Alıcılar yaradılan şəraitdən, məhsulların keyfiyyəti və qiymətlərdən razı qaldıqlarını bildirirlər.
Bayram satış yarmarkası martın 20-dək davam edəcək.

