Bakı, 17 mart, AZƏRTAC
Neandertal insana məxsus bəzək əşyası aşkarlanıb. Bu əşya həm boyunbağı, həm də qolbağa bənzəyir. Tapıntıya məxsus qalıqlar Xorvatiya ərazisindəki Xuşniyakov mağarasında aşkarlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildiriblər ki, mikroskop altında tədqiq edilərkən tapıntının uran izotoplarının sayına əsasən yaşı təyin edilib. Eramızdan 130 min il əvvələ məxsus bu cavahirat nümunəsi ağ quyruqlu qartalların dırnaqlarından hazırlanıb. Bu qartallara həm də dəniz qartalları deyilir. Alimlərin fikrincə, qədim neandertallar bu qartalı güc və gözəllik simvolu hesab ediblər.
Qeyd edək ki, neandertal insan tərəfindən hazırlanmış bu cavahirat bütün Homo nəsli üçün ən qədim bəzək əşyası sayılır. Əgər bu dırnaqlar həqiqətən də boyunbağı və yaxud qolbaq elementi olaraq istifadə edilibsə, bu halda bəzi antropoloqlar arasında neandertal insanın mücərrəd düşüncəyə malik olmaması barədə ideyaları şübhə altına düşür.