Bakı, 17 mart, AZƏRTAC
Biləcəri enişindən və Xurşidbanu Natəvan küçəsindən Rəşid İsmayılov küçəsinə və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə yenidənqurma işlərinə başlanılıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev AZƏRTAC-a bildirib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Rəşid İsmayılov küçəsində hərəkət zolaqlarının artırılması istiqamətində işlər həyata keçirilir. Həmin küçənin Xurşidbanu Natəvan küçəsi ilə kəsişməsindən Bakı-Quba yolunun 7-ci kilometrliyində yerləşən yolötürücüsünə qədər olan hissəsində genişləndirmə işləri aparılır. Eyni küçənin Xurşidbanu Natəvan küçəsi ilə kəsişməsindən avtovağzal dairəsinə qədər olan hissəsi isə hər bir zolağı 3,75 metr olmaqla 3 hərəkət zolaqlı, avtovağzal dairəsindən Xurşidbanu Natəvan küçəsi ilə kəsişməsinədək olan hissəsi isə hər zolağı 3,5 metr olmaqla 2 hərəkət zolaqlı avtomobil yolu və avtobuslar üçün eni 7,5 metr olan zolaq və cib nəzərdə tutulub. Bundan əlavə, həmin ərazidə yerləşən dairənin kiçildilməsi planlaşdırılır. Yeni layihəyə əsasən dairənin radiusu 11 metr, diametri isə 22 metr təşkil edəcək. Dairədən avtovağzal istiqamətinə olan 110 metrlik məsafə 4 gediş, 4 gəlişdən ibarət olacaq. Əlavə olaraq avtobuslar üçün hərəkət zolağı və dayanacaq inşa olunacaq. Eyni zamanda, Bakı-Quba yolunun yenidən qurulmuş 6-9 kilometrlik köməkçi hissəsindən avtovağzal istiqamətinə olan sahəsində eni 3,5 metr olan yeni zolaq salınacaq.
Hazırda ərazidə yol geyiminin tikintisinə start verilib. Hava şəraiti normal keçərsə, işlərin yaxın bir ay ərzində tamamlanması gözlənilir. Nəzərdə tutulan yenidənqurma işlərindən sonra yeni inşa olunmuş dairəvi qovşaq və zolaqlar hesabına həmin ərazidə nəqliyyat sıxlığı aradan qaldırılacaq.