Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya idarəsi “Abşeronneft” neft və qazçıxarma idarəsinin istismarında olan “Qərbi Abşeron” yatağında 20 nömrəli stasionar dəniz özülünün tikintisi və istismarı dövrü üçün ətraf mühitə təsirlərin qiymətləndirilməsi (ƏMTQ) sənədini hazırlayıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ƏMTQ sənədi hazırlanarkən ictimai rəy öyrənilib, layihə ilə əlaqədar müzakirələr aparılıb , o cümlədən təklif və rəylərin yekun sənəddə nəzərə alınması məqsədilə ictimai dinləmələr keçirilib. İctimai dinləmələrdə ekologiya idarəsinin nümayəndələri təqdimatla çıxış edib, hazırlanmış sənədin məqsədi, layihə ərazisində həyata keçirilmiş ilkin ekoloji tədqiqatlar, flora və fauna, ekoloji həssas ərazilər, layihənin icrası zamanı ətraf mühitə potensial təsirlər, layihə alternativləri, o cümlədən ətraf mühitin idarə edilməsi və monitorinq planı barədə iştirakçılara ətraflı məlumat veriblər.
20 nömrəli stasionar dəniz özülünün tikintisi və istismarı dövrü üçün hazırlanmış ƏMTQ sənədi ilə yanaşı N.Nərimanov adına neft və qazçıxarma idarəsinin istismar etdiyi “Bulla-Dəniz” yatağında 122 nömrəli stasionar dəniz özülünün və 28 May neft və qazçıxarma idarəsinin istismar etdiyi “Günəşli” yatağında 7 nömrəli dərin dəniz özülünün tikintisi və istismarı dövrü üçün hazırlanmış ƏMTQ sənədləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi ilə razılaşdırılaraq layihənin sifarişçisi olan “Azneft” İstehsalat Birliyinə təhvil verilib.