Bakı, 17 mart, AZƏRTAC 
Keçən il dövlət büdcəsinin daxili vergilər və xarici ticarət əməliyyatları üzrə gəlirlərinin artımla yerinə yetirilməsi bütün iqtisadi və sosial proqramlar üzrə xərclərin icrasını təmin edib, ölkənin strateji valyuta ehtiyatları artırılaraq ilin sonuna 51,3 milyard dolları keçib.
Bunları Baş nazir Artur Rasizadə Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatla çıxış edərkən bildirib.
Baş nazir bildirib ki, ümumilikdə, ölkənin sosial-iqtisadi inkişafı əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradıb. Ünvanlı dövlət sosial yardımı alan şəxslərin sayı bu səbəbdən 33,7 faiz azaldılıb, eyni zamanda, bir ailəyə düşən orta aylıq sosial yardım 149 manatadək artırılıb. Yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 192 manat təşkil edib.
“Qarabağ və Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərə 1453 minik avtomobili ayrılıb, 172 ailəyə yeni mənzil verilib”, - deyə Baş nazir əlavə edib.