Bakı, 17 mart, AZƏRTAC
Almaniya, İtaliya və Fransa Çinin rəhbərliyi ilə qurulan Asiya İnfrastruktur İnvestisiya Bankına (Asia Infrastructure Investment Bank, AIIB) daxil olmağı planlaşdırır.
AZƏRTAC Vestifinance.ru saytına istinadla xəbər verir ki, bir qədər əvvəl Böyük Britaniya Vaşinqtonda yerləşən Dünya Bankının potensial rəqibi sayılan AİİB-ə üzvlük üçün ərizə verən ilk Qərb dövləti olub.
ABŞ-ın Asiya-Sakit Okean hövzəsində əsas müttəfiqi olan Avstraliya da bu məsələ ilə bağlı mövqeyinə yenidən baxacağını bəyan edib. Vaşinqton Qərb ölkələrini kreditləşmənin daha yüksək standartlarına nail olmaq üçün onlara xaricdən təzyiq edilə biləcəyi səbəbindən baka üzvlükdən çəkinməyə çağırıb.
Qeyd edək ki, AİİB Qərb maliyyə institutlarının dominant mövqelərini zəiflətməyə və regionda öz nüfuzunu artırmağa cəhd edən Çinlə yanaşı, daha 20 Asiya ölkəsi tərəfindən 2014-cü ilin oktyabr ayında yaradılıb.
Asiyanın kasıb regionlarında yolların salınmasına, telekommunikasiya və digər infrastruktur islahatlarının inkişafına vəsait ayıracaq banka rəhbərlik edən Çin onu gələn ilin sonlarında rəsmən işə salmağı planlaşdırır.
Asiya İnkişaf Bankının potensial rəqibi olan bankın yaradılması ideyası müttəfiqlərini bu layihədə iştirakdan imtina etməyə çağıran ABŞ tərəfindən müqavimətə rast gəlib.
AİİB ilk mərhələdə fəaliyyətini Avropaya yeni ticarət marşrutu olacaq Yeni İpək Yolunun yaradılmasına cəmləyəcək. Bankın maliyyələşdirməyi planlaşdırdığı layihələr sırasında Bağdad və Çin arasında birbaşa dəmir yol əlaqəsinin qurulması da yer alır.