Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təsis etdiyi “Dəf(i)nə yarpağı” müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbir çərçivəsində, həmçinin “Tərcümə Mərkəzinin kitabları” seriyasından işıq üzü görən nəşrlərin və “Xəzər” bədii tərcümə jurnalının yeni nömrələrinin təqdimatı olub.
Mərasimdə Tərcümə Mərkəzinin fəaliyyəti haqında geniş məlumat verilib və slaydlar nümayiş olunub. Qeyd edilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli Sərəncamı ilə yaradılıb. Mərkəz tərcümə olunan materiallarda Azərbaycan dilinin düzgün işlədilməsi ilə bağlı ölkədaxili və beynəlxalq müstəvidə ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi, tərcümə prosesinin elmi, texniki, tibb, hüquq və digər sahələrdə təşkili və təkmilləşdirilməsi işinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.
Mərasimdə çıxış edən Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinin dekanı Vilayət Hacıyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli Tərcümə Mərkəzinin fəaliyyətini təqdir edərək çox az vaxtda - 6 ay ərzində böyük işlər görüldüyünü vurğulayıblar.
Məlumat verilib ki, müsabiqədə tanınmış tərcüməçilərlə yanaşı gənclərin də yaradıcılığına diqqət yetirilib. Müsabiqə 3 mərhələdə keçirilib və 115 əsər təqdim olunub.
Sonra çıxış edən Tərcümə Mərkəzinin direktoru Afaq Məsud bildirib ki, məqsəd peşəkarlığın önə çəkilməsidir. “Dəf(i)nə yarpağı” Bədii Tərcümə Mükafatı bədii tərcümə əməyinin dəyərləndirilməsi, tərcümə işinin stimullaşdırılması və təkmilləşdirilməsi istiqamətində Mərkəzin həyata keçirdiyi əhəmiyyətli layihələrdəndir. İki ildən bir keçirilməsi nəzərdə tutulan bu müsabiqəyə nəsr və poeziya nominasiyaları üzrə Azərbaycan dilinə tərcümə edilmiş əsərlər qəbul edilir. “Dəf(i)nə yarpağı” ölkənin ən böyük tərcümə mükafatıdır.
Daha sonra qaliblər mükafatlandırılıb. Ən yaxşı nəsr tərcüməsi nominasiyasında I yerə Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi Təvəkkül Zeynallı layiq görülüb.
Mərasimdə, həmçinin “Tərcümə Mərkəzinin kitabları” seriyasından kitabların, eləcə də “Xəzər” dünya ədəbiyyatı jurnalının təqdimatı olub. Bildirilib ki, Xuan Rulfonun “Pedro Paramo”, Akutaqava Rünoskenin “Tanrıların istehzası”, Ernest Heminqueyin “Qadınsız kişilər”, Yasmina Mixayloviçin “Xəzər dənizinin sahillərində”, Matilda Urrutianın “Pablo Nerudayla yaşanan ömür”, sufi mətnlərindən seçmələr – “Xilas yolunun yolçuları”, dünya şairlərinin şeirlərindən seçmələr – “Bəşəri poeziya” və “Serbcə-azərbaycanca lüğət” kitabları nəşr olunub.
Qeyd olunub ki, “Xəzər” dünya ədəbiyyatı jurnalı Mərkəzin rüblük mətbu orqanıdır. Nəşri vaxtilə maddi imkansızlıq ucbatından dayandırılmış jurnalın artıq bir neçə sayı işıq üzü görüb. Məzmunu, ədəbiyyat seçimi, tərcümə səviyyəsi, nəfis tərtibatı ilə ölkənin aparıcı nəşrlərindən olan “Xəzər” dünya ədəbiyyatı nümunələrinin dilimizə yüksək səviyyədə tərcüməsini həyata keçirməklə yanaşı, dünya müstəvisində gedən proseslərə də geniş yer ayırır. Jurnal bədii tərcümənin aktuallaşdırılması, yeni tərcüməçi kadrların yetişdirilməsi istiqamətində də əhəmiyyətli işlər görür. “Debüt”, “Klassik tərcümələr”, “Nobel kürsüsü”, “Buker mükafatı laureatları”, “Bəşəri poeziya”, “Memuar”, “Xilas yolunun yolçuları”, “Səhnə ədəbiyyatı”, “Ədəbi mozaika” kimi rubrikalar oxucuları dünya ədəbiyyatının tanınmış simaları ilə tanış edir.
Jurnalın xezerjurnali.az saytı 1989-cu ildən işıq üzü görmüş nömrələri arxivləşdirməklə yanaşı, dövri nəşrlərdə yer alan ədəbi nümunələri də mütəmadi şəkildə yayımlayır.