Xalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibətilə Füzulinin Hordiz şəhərindəki Olimpiya-İdman Kompleksinin stadionunda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.

ANS PRESS xəbər verir ki, tədbirə Milli Məclis sədrinin müavini Bahar Muradova, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələr qatılıblar.

İştirakçılar əvvəlcə stadionda Novruza aid adət-ənənələri özündə əks etdirən sərgiyə baxıblar. Milli adət-ənənələrimizə uyğun olaraq meydanda yun daranıb, nehrə çalxalanıb, sacda yuxa bişirilib.

Dədə Qorqud və Bahar qızın meydana gəlişi ilə başlayan tədbirində Novruz tonqalı alovlandırılıb.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı A.Alıyev Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik edib, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb: “Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədım el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir."

Vurğulanıb ki, bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı 2 ildir YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

Onun sözlərinə görə, hər bir füzulilinin ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunmasıdır. "İnanırıq ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik.

Milli Məclis sədrinin müavini Bahar Muradova da tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib.




























Mənbə
ANS PRESS