Siyəzən, 17 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 17-də respublikamızın şimal bölgəsindən olan şagirdlər “Ölkəmizi tanıyaq” devizi ilə həyata keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasına yola düşüblər.
AZƏRTAC xəbər verir ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı məktəblilərindən, eləcə də onları müşayiət edən müəllimlərdən ibarət 45 nəfərlik qrup ekskursiyaya yola düşməzdən əvvəl Siyəzən şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tur-aksiya iştirakçıları dörd gün ərzində Naxçıvan Muxtar Respublikasının tarixi yerləri, mədəniyyəti, adət-ənənələri, müstəqillik illərində əldə edilmiş nailiyyətləri ilə yaxından tanış olacaqlar.
Ekskursiyaya Xaçmazdan yollanan qrupun rəhbəri Azad Bədəlov AZƏRTAC-a müsahibəsində bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən bu aksiya şagirdlərə böyük imkanlar yaradır: “Bizim qrupda yer alan şagirdlər Naxçıvan Muxtar Respublikasına ilk dəfə səfər edirlər. Ekskursiya proqramı üzrə çox maraqlı məkanlarla tanış olacağıq. Şagirdlər tur-aksiya çərçivəsində ölkəmizin tarixini dərindən öyrənəcək, zəngin məlumatlar əldə edəcək, yeni dostlar qazanacaqlar”.
Sonra şagirdlər Naxçıvan Muxtar Respublikasına yola düşmək üçün Bakıya yollandılar.
Qeyd edək ki, şimal bölgəsindən olan şagirdlərin Naxçıvana səfərləri martın 20-də yekunlaşacaq.