Daşkənd, 17 mart, AZƏRTAC
Özbəkistan Maliyyə Nazirliyi yanında Respublika Yol Fondu direktorunun müavini Şuxrat Taqayevin adından Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevə Özbəkistanın yol tikintisində aktiv iştirak edən Azərbaycanın “Akkord” şirkəti ilə uğurlu əməkdaşlıqla bağlı məktub daxil olub.
Məktubda deyilir: “Bu gün Azərbaycanla Özbəkistan arasında münasibətlər yüksək səviyyədədir. Həm Azərbaycan, həm də Özbəkistan qarşılıqlı anlaşma, etibar və bir-birilərinin maraqlarına hörmət prinsiplərinə əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirir, regional və beynəlxalq siyasətin bir çox aktual məsələlərində oxşar mövqelərdə dayanırlar.
Azərbaycanın “Akkord” şirkəti Daşkənd-Termez avtomobil yolunun yenidən qurulması üzrə beynəlxalq layihədə iştirak edir. Şirkətinin hər iki xalq arasındakı dostluq və əməkdaşlığın inkişafındakı xidmətləri böyükdür. “Akkord” şirkəti bu gün Özbəkistanın nəqliyyat sektorunda mühüm rol oynayır. Lazımi nəqliyyat, istehsalat və kadr ehtiyatlarına malik olan şirkət həm də yol-tikinti materialları, körpü və digər konstruksiyaların istehsalı, yeni yol-tikinti maşınları, və avadanlıqların alınmasına, həmçinin “AMMAN” asfalt-beton zavoduna, “VURMAK” beton zavoduna, müxtəlif tikinti qurğularına sərmayələr yatırır.
Özbəkistanın dövlət başçısı İslam Kərimovun imzaladığı “Surxandərya vilayətinin inkişaf Proqramı”na uyğun olaraq “Akkord” şirkəti bu proqramın həyata keçirilməsinə öz töhfələrini verir, regionun sosial-ictimai həyatında, vilayətin infrastrukturunun formalaşmasında aktiv iştirak edir.
Qısa müddət ərzində “Akkord” şirkəti yol-tikinti materialları, körpü və konstruksiyaların istehsalı sahəsində qabaqcıl mövqeyə malik olub. Əlamətdar haldır ki, layihəni həyata keçirən şirkət avtomobil yollarının tikintisi zamanı yeni beynəlxalq texnologiyalardan istifadə edir, tikinti işlərini yüksək keyfiyyətlə aparır.
“Akkord” şirkətinin istifadə etdiyi tikinti materialları ilə yerli yol-tikinti təşkilatları da maraqlanır. Şirkət layihənin həyata keçirilməsində yerli podratçı təşkilatlardan, yol-tikinti ustalarından, körpü salınması üzrə mütəxəssislərdən, operatorlardan, mexanizatorlardan istifadə edir. Ümumiyyətlə isə şirkət Özbəkistanda 600 adamı işlə təmin edib ki, bunun da 85 faizi yerli işçilərdir”.
Məktub bu sözlərlə bitir: ”Əminəm ki, “Akkord” şirkəti Özbəkistanın müasir yol tikintisi sahəsində nəzərəçarpan iz qoyacaq”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd