Bakı, 16 mart, AZƏRTAC
Martın 16-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və İran musiqiçilərinin iştirakı ilə konsert olub.
AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində təqdim olunan konsertdə xalq artisti Nəzakət Teymurova, əməkdar artistlər - Cabir Abdullayev və Səbuhi İbayevin ifasında “Bayatı-Şiraz” muğam dəstgahı səslənib. Xanəndələri Əliağa Sədiyev (tar), Ceyhun Muradov (kamança), Şirzad Fətəliyev (balaban), Çinarə Heydərova (qanun), Kamran Kərimov (nağara) və Qalib Həşimov (ud) müşayiət edib.
Azərbaycan musiqisində yeddi əsas muğamdan biri olan “Bayatı - Şiraz” üç ifaçının xoş avazı, bənzərsiz və yanıqlı səsində sanki bir daha yenidən insanlara təqdim edilib. Tanınmış xanəndələrimiz “Bayatı - Şiraz”ı yenidən dinləyicilərə sevdirməyi bacarıb. Bu onlara ünvanlanan alqışlardan açıq-aydın görünürdü.
Sonra səhnəyə çıxan İranlı ənənəvi vokalçı Alireza Ghorbaninin çıxışı gecəyə xüsusi rəng qatdı. Bur çox məşhur festivallarda iştirak etmiş müğənninin ifası böyük maraqla qarşılanıb.
Qeyd edək ki, “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı martın 18-də başa çatacaq.

