Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda dissertasiya şurasının elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda bu elm müəssisəsinin doktorantı Səbinə Mehdiyevanın genetika ixtisası sahəsində biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Buğda (Triticum L.) və tritikale (× Triticosecale Wittm.) hibridlərində formaəmələgəlmə potensialının tədqiqi” mövzusunda dissertasiya işi müzakirə olunub. Doktorant dissertasiya işinin mövzusuna uyğun olaraq yumşaq və bərk buğdalarla tritikale arasında cinsarası hibridləşmə ilə yanaşı, tritikalenin növarası və növdaxili hibridləşmələrindən alınan hibrid populyasiyalarında formaəmələgəlmə prosesinin tədqiqi üzrə apardığı elmi araşdırmalar və əldə olunan elmi-praktik nəticələr barədə məruzə edib.
Elmi seminarın sədri biologiya üzrə fəlsəfə doktoru Hamlet Sadıqov, rəyçilər biologiya üzrə elmlər doktoru Hacı Şıxlinski, biologiya üzrə fəlsəfə doktoru Sabir Həsənov olublar.