Masallı, 16 mart, Bağır Əliyev, AZƏRTAC 
Masallı şəhərində keçirilən Novruz şənliyində yüzlərlə rayon sakini baharın gəlişini böyük sevinclə bayram edib.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları rayonun ayrı-ayrı yaşayış məntəqələrinin özünəməxsus məşğuliyyəti, qədim adət və ənənələri, xalq tətbiqi sənəti nümunələri, milli mətbəxi, Novruz şirniyyatı, bayram geyimləri ilə, eləcə də baharın gəlişini əks etdirən sərgilərlə tanış olublar.
Masallı Rayon İcra Hakimiyyətin başçısı Rafil Hüseynov rayon sakinlərini Novruz bayramı münasibətilə təbrik edib. Dədə Qorqud və Bahar qız da təbriklərə qoşularaq tədbir iştirakçıları ilə bayram sevinclərini bölüşüblər.
Novruzun personajları olan Keçəl və Kosa milli paltar geyinmiş oğlan və qızlarla birgə bayram tonqalı ətrafında dövrə vuraraq yallı gediblər.
Rayonun bədii özfəaliyyət kollektivlərinin və idmançıların çıxışları bayram iştirakçılarına xoş ovqat bəxş edib.