Evsizlik orta məktəb müəllimini dövlət qurumarından yardım istəməyə vadar edib. Təyinatla ucqar kəndə müəllim kimi gedən gənc təhsil işçisi Zamin Əsgərov problemləri barədə Milli.Az-a yazıb:

“Tovuz rayonu, Ağdam kəndində yaşayıram. Bu kəndə təyinatla gəlmişəm və 6 ildir bu kənddə kirayədə qalaraq dərs deyirəm. Ailəliyəm. Tovuz Rayon İcra Hakimiyyəti başçısına köməklik üçün məktub yazmışam, amma cavab gəlməyib. Yazmışdım ki, müəllimlərə verilən güzəstli torpaq sahəsindən almışam və ev tikdirmişəm. Amma otaqları hazır edə bilmirəm. Bunun üçün mənə tikinti materialları ilə yardım olunsun".

Tovuz rayon icra hakimiyyəti baçısının köməkçisi Fuad Zeynalov Milli.Az-a bildirdi ki, bu məsələni təhsil şöbəsi ilə dəqiqləşdirmək lazımdır. İcra hakimiyyətinin rayona gələn müəllimə köməklik etməsi üçün elə bir vəsaiti yoxdur. İcra hakimiyyəti müəyyən köməklik edə bilər, amma ev tikilməsinə yardım nəzərdə tutulmur.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Milli.Az-a bildirdi ki, torpaq yerli bələdiyyə tərəfindən ayrılır. Onun sözlərinə görə, Nazirlər Kabinetinin sərəncamı ilə yerlərə xüsusi həvəsləndirmə ilə gedən müəlimlər üçün topraq verilir:

“Təhsil Nazirliyi onlara nəzarət edir, amma işi yerli qurumlar görür. Burada söhbət ancaq torpaq sahəsinin ayrılmasından gedir. Hər müəllimə ev tikib vermək yaxşı iş olardı, amma nazirliyin elə bir bücəsi yoxdur ki, müəlimlərə ev tiksin”.

Gülər
Milli.Az