Bakı, 16 mart, Nihat Budaqov, AZƏRTAC
Xəbər verdiyimiz kimi, martın 17-də Türkiyədə Trans-Anadolu qaz boru kəmərinin (TANAP) təməlqoyma mərasimi keçiriləcək. Qardaş ölkənin Qars şəhərində keçiriləcək mərasimdə Azərbaycan və Türkiyə rəsmilərinin iştirakı planlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, artıq Qarsın mərkəzi prospekt və küçələrində iki ölkənin dövlət bayraqları asılıb, bu mötəbər tədbirə hazırlıqlar görülür.
Qeyd edək ki, TANAP layihəsində təxminən 1,5 milyard dollar dəyərində 1,3 milyon ton polad boru istifadə ediləcək. Həmin boruların 1,1 milyon tonu Türkiyədə istehsal ediləcək. Boru kəməri boyunca 7 ədəd kompressor stansiyası, 4 ədəd ölçmə stansiyası, 11 ədəd xam metal stansiyası, 49 ədəd blok ventil stansiyası və Türkiyədəki milli qaz şəbəkəsini təchiz etmək üçün 2 ədəd qaz çıxış stansiyası inşa ediləcək.
Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən Avropaya nəqlini nəzərdə tutan TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan təbii qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır.
TANAP-ın səhmdarları: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 58 faiz, BOTAŞ 30 faiz, bp şirkəti 12 faizdir.