Bakı, 16 mart, Türkan Abdullayeva, AZƏRTAC
Martın 16-da Azərbaycan Milli Konservatoriyasında IV Beynəlxalq muğam müsabiqəsinin ikinci turunun dinləmələri keçirilir.
AZƏRTAC xəbər verir ki, “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən müsabiqədə Azərbaycan, Türkiyə, İordaniya, Latviya, İran, İraq, Özbəkistan, Tacikistan və Çindən musiqiçilər iştirak edirlər.
Günün birinci yarısında instrumental muğam ifaçılığı üzrə ikinci tura keçmiş iştirakçılar – Azərbaycan təmsilçiləri Tofiq Məmmədov (tar), Zərqələm Cəfərova (kamança), Aygül Həsənova (qanun) və İordaniyadan Tareq Cundi (ud) çıxış ediblər.
İfaçıları Azərbaycanın xalq artisti Siyavuş Kəriminin sədrliyi ilə beynəlmiləl tərkibli münsiflər heyəti qiymətləndirir. Münsiflər heyətinin tərkibinə İrandan Dəryuş Təlayi, İraqdan Şeherizada Hassan, Fələstindən Suleyl Xuri və Fransadan Piyer Bois daxildir.
Günün ikinci yarısından isə solo muğam ifaçılığı üzrə dinləmələr olacaq. Bu istiqamət üzrə ikinci turda “Lamekan ansamblı” (Belçika/Türkiyə), İsa Şoxri (İran), “Gerbi Diyar Küyşiliri” (Çin), İlkhom İsmoilov (Özbəkistan), o cümlədən Azərbaycandan Xətai Hacıyev, Orxan Hüseynli, Aytən Məhərrəmova çıxış edəcək.
İştirakçıları Siyavuş Kəriminin sədrliyi ilə Kudsi Ergüner (Türkiyə), Şarada Velankar (Hindistan), Aleksandr Cumayev (Özbəkistan) və Brahim El Mazneddən (Mərakeş) ibarət beynəlmiləl münsiflər heyəti qiymətləndirəcək.
Martın 17-də qaliblərin adları açıqlanacaq, 18-də isə “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının bağlanış mərasimində müsabiqənin qaliblərinin iştirakı ilə qala-konsert keçiriləcək.