Füzuli, 15 mart, AZƏRTAC
Martın 15-də Horadiz sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasında “Valideyn günü” keçirilib.
AZƏRTAC xəbər verir ki, sərhəd dəstəsi rəhbərliyinin, Füzuli Rayon İcra Hakimiyyətinin və yerli bələdiyyələrin nümayəndələrinin, sərhəd zastavasında xidmət edən əsgərlərin valideynlərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə qonaqlara hərbi hissə və sərhəd zastavası barədə ümumi məlumat verilib.
Sonra sərhəd zastavasında yaradılan xidmət və məişət şəraiti ilə tanışlıq olub.
Tədbirdə çıxış edən Horadiz Sərhəd Dəstəsinin rəisi polkovnik-leytenant İlham Babayev görüşün məqsədi barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin (DSX) maddi-texniki bazasının gücləndirilməsi, bütün hərbi hissələrin müasir silah və texnika ilə təmin olunması, yeni hərbi hissələrdə və sərhəd bölmələrində lazımi şəraitin yaradılması nəticəsində Vətənimizin sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində yüksək nailiyyətlər əldə olunub. Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin daim yüksək səviyyədə saxlanılması məqsədilə DSX-nin hərbi hissə və bölmələrində müntəzəm olaraq tərbiyəvi və mədəni-kütləvi tədbirlər, o cümlədən “Valideyn günləri” keçirilir.
Çıxış edən valideynlər sərhəd zastavasında yaradılan xidmət və məişət şəraitindən razı qaldıqlarını bildirib, əsgərlərə tövsiyələrini veriblər.
Daha sonra dövlət sərhədinin mühafizəsinin təşkilində valideynlərin və hərbi kollektivin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.
Tədbirdə xidmətdə fərqlənmiş hərbi qulluqçuların həvəsləndirilməsi barədə hərbi hissə komandirinin əmri oxunub, fərqlənən hərbi qulluqçulara “Xidmətdə fərqlənmiş sərhədçi” döş nişanları, fəxri fərmanlar, qiymətli hədiyyələr verilib. Həmçinin fərqlənən hərbi qulluqçuların valideynlərinə “Təşəkkür məktubları” təqdim olunub.
Birgə nahardan sonra tədbir iştirakçıları DSX-nin Zabitlər Evinin “Sərhədçi” vokal-instrumental ansamblının, Füzuli rayonunun Böyük Bəhmənli kənd mədəniyyət evinin hazırladığı maraqlı konsert proqramına tamaşa ediblər.