Yaxud eyni zamanda qadın, uğurlu balerina və həyat yoldaşı olmağın çətinlikləri
“Tamaşa o qədər də ürəyimcə olmadı...”. Bu sözləri çıxışa tələsdiyim, tamamilə gözləmədiyim anda qarderobdan üst geyimimizi alarkən tamaşaçılardan biri söylədi. Yarı azəri, yarı rusca. Mənim ona maraqla dönüb baxdığımı görüb təəssüratlarını həvəslə bölüşməyə davam etdi (yenə də yarı azəri, yarı rusca): “Övladlarımla gəlmişdim...Onla r çox bəyəndilər...Amm a mənim o qədər də ürəyimcə olmadı...Bu əsərin birinci quruluşu gözümün qarşısından getmədi...Ümumiy yətlə, o vaxtın tamaşalarını görən adamlar indi qoyulan tamaşalara baxanda istər-istəməz müqayisələr aparırlar... Belə müqayisələrdə nədənsə, o dövrün teatrı üstün gəlir... Tamam başqa aləm idi...”. Məlum oldu ki, ürəyi dolu olan bu tamaşaçı riyaziyyat müəlliməsidi.
Tamaşaçının iki saatlıq səhnə əsərini sonadək izləməsi (antraktdan sonra zal, demək olar ki, seyrəlməmişdi) və müqayisələr apararaq mülahizələr yürütməsi teatral mühitimizin geniş dairəyə sahib olmasa da, hər halda var olmasından xəbər verir.
Dünən yarım əsrlik zaman fasiləsindən sonra yenidən Akademik Milli Dram Teatrının səhnəsinə gələn xalq yazıçısı İlyas Əfəndiyevin (1914-1996) “Mənim günahım” pyesinin tamaşası anşlaqla keçdi. Yeri gəlmişkən, qələmə alındığı tarixlə ilk quruluşunun premyerası eyni ilə təsadüf edən səhnə əsərinin quruluşçu rejissoru Əşrəf Quliyev, rəssamı Böyükağa Mirzəzadə, bəstəkarı Soltan Hacıbəyov olub. Nurcahan xanım rolunda xalq artisti Leyla Bədirbəyli (əsas tərəf-müqabili xalq artisti Əli Zeynalov olmaqla) çıxış edib. 100 illik yubiley tədbirləri davam edən İlyas Əfəndiyev eyni dərəcədə həm gözəl nasir, həm də istedadlı dramaturq olduğundan, başqa sözlə, sözlə rəftarın “dilini” yaxşı bildiyindən aramızda olduğu illərdə də, dünyasını dəyişəndən sonra da əsərlərinə dönə-dönə müraciət edilən xoşbəxt müəlliflərdəndi. “Mənim günahım” pyesinin ilk teatr quruluşunun ərsəyə gəlməsindən 15 il sonra əsərin teatr quruluşunda Ayqız rolunda çıxış edən xalq artisti Amaliya Pənahova (Amaliya xanımın Milli.Az-a bildirdiyinə görə pyesin ilk teatr quruluşu hazırlanarkən Nurcahan rolunu əvvəl xalq artisti Şəfiqə Məmmədova məşq edirmiş) baş rollarda özü və xalq artisti Rafael Dadaşov olmaqla bu əsərə uğurlu televiziya tamaşası şəklində quruluş vermişdi.
Quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov olan dünənki premyerada tamaşaçıların əksəriyyətini yaşlı və orta nəslin nümayəndələri təşkil etsə də, gənclər və hətta yeniyetmələr, uşaqlar da yox deyildi. İlk premyera sıravi tamaşaçı ilə ünsiyyətin yaradılması xarakteri daşıyırdı. Buna görə fəxri qonaqların tamaşaçı qismində iştirakı ayın 18-i baş tutacaq ikinci premyerada gözlənilir. Bu dəfə isə tamaşaçılar arasında Milli Məclisin birinci müavini, parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov da var idi. Tamaşaçılar teatrın qarşısına normal vaxtda, tamaşadan yarım saat əvvəl toplaşmışdılar. Geyim tərzlərini maksimum dərəcədə teatrda keçirəcəyi vaxta uyğunlaşdıranlar az deyildi. İlk premyeranın tamaşaçılarla ünsiyyət yaratmaq səbəbində təşkil olunması aksiyası özünü doğrultdu – zala sırf bu tamaşaya və yaxud da ayrı-ayrı aktyorlara marağı olan teatrsevərlər toplaşmışdılar. Buna görə də tamaşa boyunca zalın reaksiyasında səhnədə baş verənlərə müvafiqlik müşahidə olundu, uşaqların olmasına baxmayaraq, hər hansı kənar, aidiyyəti olmayan təzahürsüz ötüşdü. Yəqin elə əsas istinad sıravi teatrsevərlərə edildiyindən zalda nəinki digər sənət adamları yox idi, teatrın yaradıcı heyətinin üzvləri də çox az sayda gözə dəydi.
Keçək əsərin və tamaşanın özünə. Zənnimcə, bu pyesin “Mənim günahım” adlandırılması eyni dərəcədə həm dövrünün adlı-sanlı balerina obrazı olan Nurcahan (Xalq artisti Məleykə Əsədova) xanıma, həm də onun həyat yoldaşı Sahibə (əməkdar artist Elşən Rüstəmov) aiddi. 15 illik ailə həyatları səmimi məhəbbət üzərində qurulan Nurcahanla Sahibin sonda ayrılması həm pyesi mütaliə edəndə, həm televiziya tamaşasını və həm də teatr quruluşunu seyr edəndə yalnız bir sınaq təsiri bağışlayır. Hətta Nurcahanın “daha bu evə qayıtmayacam”, Sahibin “Nurcahan xanım həmişəlik getdi” sözləri də bu təsəvvürü dağıtmır. Və əslində, belə situasiyanın baş verməsi sırf Nurcahanın bir qadın, bir sənət adamı və işində-peşəsində yüksək pilləyə çatmış insan kimi böhran dövrünü – yaşının 40-a çatması ilə səhnədən getmək qərarını – ağrılı keçirməsinin fəsadından başqa bir şey deyil. Bir də əslində, nə Sahib kimsəsiz, kasıb tələbə olan vaxtında onun şəxsi keyfiyyətlərini görüb sevməyi bacaran Nurcahan günahkar deyil, nə də indi şəhər idarəçiliyində ən yüksək vəzifələrdən birinə çatan Sahib. Sadəcə olaraq, bu, bir sınaqdı. Və inanmamaq çox çətindir ki, belə səmimi, duyğusal, bir-birinin dəyərini bilən, ilk növbədə, bir-birini sevən qadınla-kişi olan bu iki şəxs bu sınaqdan çıxmayacaqlar.
Janrı ikihissəli dramatik etiraf kimi təyin olunmuş tamaşada dialoq və monoloqların bəzi ixtisarı və bəzi əlavələri aparılaraq pyesin adındakı ifadə gənc ikən dara düşdüyü vaxtlarda ona kömək əlini uzatmış, indi isə bunun əvəzini gözləyən “dost”larının təzyiqinə məruz qalan Sahibə deyil, Nurcahana aid edilir. Ümumiyyətlə, tamaşanın Məleykə Əsədovanın benefisi ruhunda qurulduğunu demək olar. Personajının yaş, peşə, yaşadığı dövr uyğunluğu, mövzunun aktuallığı aktrisaya rolunun öhdəsindən kifayət qədər uğurla gəlməyə imkan vermişdi. Onun hətta dialoqları da mono tamaşa təsiri bağışladı. Bu, əlbəttə, qəribə göründü. Əsas tərəf-müqabillər
Tamaşa boyunca yerli-yerində səslənən alqış səsləri final səhnəsindən sonra daha da gurlaşdı və quruluşçu rejissor başda olmaqla səhnəyə çıxan yaradıcı heyətin gül-çiçəklə mükafatlandırılm ası ilə müşayiət olundu.
Samirə Behbudqızı
Milli.Az