Bakı, 14 mart, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə triatlon üzrə dünya seriyası yarışlarının ilk mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi Azərbaycan milli komandasının üzvü Rostislav Pevçov təmsil edib.
R.Pevçov ilkin mərhələni - su məsafəsini 9.20, 20 kilometrlik veloyürüşü 28.48, 5 kilometrlik qaçış məsafəsini isə 14.54 dəqiqəyə qət edib. Milli komandamızın üzvü 60 idmançı arasında 25-ci olub. Bu da triatlonçumuza “Rio-2016” Olimpiya Oyunlarına lisenziya xalları qazanmağa imkan yaradıb.
BƏƏ ilk dəfədir triatlon üzrə beynəlxalq turnirə ev sahibliyi edir. Doqquz mərhələdən ibarət dünya seriyası yarışlarının finalı Çikaqoda keçiriləcək.