Lənkəran, 14 mart, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının foyesində tanınmış rəssam Adil Əsədlinin fərdi yaradıcılıq sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin, Respublika Rəssamlar İttifaqının və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunan sərgi rəssamın anadan olmasının 60 illiyinə həsr olunub.
Sərgidə Adil Əsədlinin 50-dən çox rəngkarlıq və qrafika əsəri nümayiş etdirilir.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər Adil Əsədlinin çoxşaxəli yaradıcılıq yolundan söz açıblar. Bildirilib ki, otuz ilə yaxın müddətdə böyük sənət uğurları qazanan rəssamın Bakıda və Lənkəranda 4 fərdi sərgisi təşkil olunub, əsərləri müxtəlif beynəlxalq miqyaslı sərgilərdə nümayiş etdirilib. Onun yetirmələri dəfələrlə Misir, Çexiya, Yaponiya, Polşa, Özbəkistan, Türkiyə və digər ölkələrdə keçirilən müsabiqə və sərgilərdə iştirak edib, diplom, medal və fəxri fərmanlara layiq görülüblər.
Hazırda A.Əsədlinin rəhbərlik etdiyi Lənkəran Rəssamlıq Məktəbinin onlarla məzunu Azərbaycanın və xarici ölkələrin rəssamlıq akademiyalarında, məktəblərində təhsil alırlar.
Sərgi 3 gün davam edəcək.
