Füzuli, 14 mart, AZƏRTAC
“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionlarda gənclərin asudə vaxtlarının intellektual oyunlar vasitəsilə səmərəli təşkili” layihəsi çərçivəsində növbəti intellektual yarış Füzuli rayonunda keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən layihənin əsas məqsədi region gəncləri arasında müxtəlif intellektual yarışlar təşkil etməklə, onların qərar qəbuletmə keyfiyyətlərinin və intellektual səviyyənin qeyri-formal yolla inkişafına dəstək vermək, həmçinin intellektual şəbəkələşmə prosesinə təkan verməklə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaqdır.
İntellektual yarışda Horadiz şəhərinin, müxtəlif kənd və qəsəbələrin 12 komandası iştirak edib. Gərgin və maraqlı mübarizə şəraitində davam edən yarışda Horadiz şəhər 1 və 2 nömrəli tam orta məktəblərin komandaları qalib gələrək, Beyləqan rayonunda keçiriləcək “Aran kuboku”na vəsiqə qazanıblar.
Qeyd edək ki, bundan əvvəl layihə çərçivəsində Ağcabədi, Beyləqan, Xocavənd rayonlarında seçim turnirləri keçirilib. Hər rayon üzrə ilk iki yerin qalibi olan komandalar yaxın günlərdə Beyləqan rayonunda təşkil edələcək final oyununda “Aran kuboku” uğrunda yarışacaqlar.
