Bakı, 14 mart, AZƏRTAC
Azərbaycan Bəstəkarlar İttifaqında “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən “Muğam aləmi” dördüncü beynəlxalq musiqişünaslıq simpoziumu martın 14-də də öz işini bölmə iclasları ilə davam etdirir.
AZƏRTAC xəbər verir ki, simpoziumun sonuncu günündə “Muğam dəstgahların notlaşdırılması problemi” və “Muğam/Maqam: ənənə və yenilikçilik” mövzularını əhatə edən bölmələr türkiyəli doktor Okan Murat Öztürkün sədrliyi ilə keçirilib.
Bölmədə Rusiyanın Voronej Dövlət Universitetinin doktoru Dmitri Dorofeyevin “Neytral intervalların” maqam musiqisində tarixi: matematik aspekt”, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi İmina Əliyevanın “Azərbaycan məqamlarının intonasiya sistemi (koqnitiv yanaşma)”, Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudovanın “Azərbaycanda müasir dövrdə muğam sənətinin inkişafında televiziya muğam müsabiqələrinin rolu” mövzularında məruzələri dinlənilib.
Tədbirdə əməkdar incəsənət xadimi Munis Şərifovun bədii rəhbərliyi ilə Azərbaycan qədim musiqi alətləri ansamblı çıxış edib.
Simpozium Okan Murat Öztürkün sədrliyi ilə “Əbdülqadir Marağai (1353-1435) və onun musiqi-nəzəri irsi: Muğam/Maqam tarixinin önəmli tədqiqat mənbəsi” mövzusunda panellə davam edir.