Bakı, 14 mart, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” tresti tərəfindən ötən il ümumilikdə 208,5 kilometr, o cümlədən, 80,4 kilometr estakada və özüllərdə, 22,5 kilometr sualtı və 162,4 kilometr quruda müxtəlif diametrli neft-qaz xətləri, 307,9 kilometr quruda kabel xətti və 47,9 kilometr sualtı kabel xətti çəkilib. Eyni zamanda, 45 min 889 ton metal və metal-konstruksiya quraşdırılıb, 20 mindən çox qaynaq birləşmələrinin defektoskopiyası yerinə yetirilib.
Trestdən AZƏRTAC-a bildirilib ki, 2014-cü ildə müəssisədə ümumi podrat üzrə 321031,5 min manatlıq, öz gücü ilə 274596,7 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilib. Ümumi podrat üzrə yerinə yetirilmiş işlərin 95138,7 min manatı əsaslı təmir və 225892,8 min manatı isə əsaslı tikinti işlərinin payına düşür.
“Neftqaztikinti” tresti respublikanın bütün regionlarında, o cümlədən “Günəşli” və “Neft Daşları” yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və digər adalarda və onların ətrafında, Səngəçal-Duvannı rayonunda və digər yerlərdə müxtəlif sifarişçi təşkilatlar üçün podratçı olaraq bütün növ xidmətlər göstərir. Trestin tərkibinə müxtəlif profilli 7 müəssisə və Gürcüstan nümayəndəliyi daxildir.
SOCAR tərəfindən təsdiq olunmuş podrat proqramına əsasən keçən il “Günəşli” yatağında neft və qaz hasilatının artırılması məqsədilə dərin dəniz özüllərinin genişləndirilməsi və yenidən qurulması, əlavə quyuların qazılması, mövcud texnoloji yığım və nəql sistemlərinin təkmilləşdirilməsi, çıxarılan neftin və qazın itkisiz sahilə nəqli üçün etibarlı sistemin qurulması işləri trestə həvalə olunub.
Müəssisə neft-qaz yataqlarının abadlaşdırılması, texnoloji neft-qaz-mədən avadanlıqlarının quraşdırılması, sualtı, yeraltı və yerüstü magistral neft-qaz-su boru kəmərlərinin çəkilməsi, asfalt-beton örtüklərinin vurulması, dənizdə və quruda hidrotexniki qurğuların, dayaq bloklarının, estakada və estakadayanı meydançaların, qaz-kompressor stansiyalarının, neft rezervuarlarının və sosial obyektlərin tikintisi üzrə podratçı fəaliyyəti ilə məşğul olur. Öz işini müasir standartların tələblərinə uyğun quran trest Türkiyə Standartları İnstitutu tərəfindən bir neçə Beynəlxalq Sertifikata layiq görülüb.
“Saipem” Asiya şirkətinin Azərbaycan filialı, “Heavy Crane” FZE şirkətinin Azərbaycan filialı, “Caspian Pipe Coatings” MMC, “İlk İnşaat Taahhüt Sanayi və Ticaret Ltd”, “Nobel Oil” və digər bu kimi beynəlxalq şirkətlər 2014-cü ildə də trest ilə sıx əməkdaşlıq edib.
Dövlət Neft Şirkətinin proqrama əsasən 2015-ci ildə trest tərəfindən ümumi podrat üzrə 302434,7 min manatlıq, öz gücü ilə isə 283094,7 min manatlıq tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.

