Son dövrlərdə gənc kütlə içərisində xüsusi bir qrup insan yetişir. Əvvəllər vəziyyətin ciddiliyinin fərqində deyildim. Amma son zamanlar rastlaşdığım hadisələr göstərdi ki, əslində gənclyimiz gözlə görünəcək qədər dəyişir. Bu qrup gəncliyin yaşam tərzini necə adlandırım - bilmirəm, amma bu yazımda "cool" gənclik deyə qeyd etmək istəyirəm. Bu həyat tərzi, məncə, Qərb "mədəniyyətinin" şərq acgözlüyü, cəsarəti ilə sintezinin məhsuludur. Hansı ki, bu tip baxış tərzinə malik gənclərimizin əksəriyyəti fərqli görünməyi, qaydalara qarşı gəlməyi, anarxiya dəstəkləməyi, "mənim həyatım, mənim qaydalarım" fikrini təkrarlamağı proritet istiqamət kimi seçir. Əsasən 20 yaşa qədər olan, əksəriyyəti orta məktəb şagirdi olan, pablarda yığışan, siqaret, içki, eyş-işrət kimi pis vərdişləri azadlıq rəmzi kimi, hər iki sözdən bir söyüşdən istifadə etməyi, öz məhrəmləri haqqında açıq danışmağı səmimilik kimi qəbul edən belə gənclərimiz cəmiyyətin mövcud əxlaq qaydalarının, demək olar ki, hamısına qarşı çıxmağı fəxr hesab edirlər. Bir növ özlərini cəmiyyətin cüzi faizini təşkil edən fərqli, azad, intelligent insanlar hesab edirlər. Həqiqətən, bəzilərində yaradıcılıq potensialı yüksək olur. Amma təəssüf ki, bu istedad özünü yalnız aqressiya, nifrət püskürmək, pessimizm hallarında, "free sex" kimi çağırışlarda göstərir.
Qızlar müxtəlif geyim stillərinə uyğun, fərqli geyinməyi, oğlanlar da kitabqurdu adı altında gizlənərək, öz mənliklərini gizlətməyi, saç-saqqal buraxıb "dahi" imici yaratmağı sevirlər. Yəqin ki, söhbətin hansı qrup gənclərdən getdiyi aydın oldu, təsəvvür edə bildiniz bu "cool" gəncliyi. Ümumi olaraq, "cool" gənclər fərqlilik, azadlıq, mentalitetə, əxlaqa, dinə qarşı fikirləri altında çirkab, nifrət dolu, sağlamlıqdan uzaq, aqressiyalı, pessimist, sağlam gələcəyə ümidsiz bir həyat tərzini formalaşdırırlar. Bunun nəticəsində bəzi parlaq gənc bu həyat tərzinin qurbanı olur. Dəyişiklik yaratmaq istəyi ilə bu həyata qoşulsalar da, düşüncə tərzləri ilə cəmiyyətin mövcud durumu, qaydaları arasındakı uçurumda məhv olurlar. Parlaq gələcəyə sahib belə gənclər bu çirkab dolu həyatın qurbanı olurlar. Oğlanlar yaşa dolduqca vəziyyətdən çıxış yolunu tapa, cəmiyyətin adi bir üzvü ola bilirlər. Keçmişdəki “fərqli” keyfiyyətlərindən əl çəkə, əvvəllər bayağılıq kimi qəbul etdikləri, əslində isə insanı çirkabdan qoruyan, saf insanı dəyərlərə malik normal ailə yaşayışına davam edə bilirlər.
Dəyişikliyi qəbul etməyənlər isə yaradıcılıq, yazıçılıq kimi sahələrdə çalışmaq ümidi ilə öz “azad yaşayışlarına” davam edirlər. Təəssüf ki, əksəriyyəti bununla sadəcə əyyaş, kin dolu, cəmiyyətin dışlanmış bir üzvü olmaqdan başqa bir nəticəyə nail ola bilmirlər. Oğlanlardan fərqli olaraq, bu həyata daha çox bağlı olan və daha çox "fədakarlıq" edən qızlar üçün vəziyyət ürəkaçan olmur. Öz uca ruhlarının, qadınlıq mərtəbəsinin fərqində olmayan, öz şəxsiyyətlərinə yox, bədənlərinin gözəlliyinə dəyər verən insanların əhatəsində xoşbəxtlik axtaran bu gənclər eyş-işrət, içki, narkotik, əyləncə kimi proseslərdə ovunur, yaşa dolduqdan sonra bunların verdiyi zərərləri öz gələcəklərinə daşıyırlar. Bəziləri normal ailə həyatına dönmək istəyəndə isə cəmiyyətimizdə qadınlara qoyulan sərt qaydalar, yüksək gözləntilər ucbatından cəmiyyətlə ayaqlaşa bilmir, əxlaqsız damğası vurulmasından qurtula bilmirlər. Vəziyyəti, bu qrup gəncliyi çox təsvir etməyə gərək yoxdur, məsələ aydındır. Amma ciddiliyinin fərqində deyilik.
Gəncliyimizin bir hissəsi tinlərdə təsbeh çevirməklə, digər hissəsi pablarda içki içmək, eyş-işrətlə məşğuldur. Bu gün bizə yad görünən bu səhnələr sabah bir sevdiyimizin həyatında yaşana bilər, gözümüzün qarşısında onun məhvini izləyə bilərik. Çünki bu tendensiya gedərək daha da genişlənir və yaş həddi azalmaqda davam edir. Həyatlarının ən gözəl çağında, el arasında deyildiyi kimi “beyni qan vaxtlarında” hansısa avropa cərəyanın təsiri altına düşməklə gələcəklərini, həyatlarını, valideynlərinin onlara olan ümidlərini puç etmələrinə seyrçi qala bilmərik. Neçə-neçə potensial ailənin, parlaq gəncin, uğur hekayəsinin qarşısına keçən bu cür gənclik yaşayışı, düşüncəsi üçün artıq bir şeylər edilməlidir.
Maraqlı həyat yaşamaq, başqalarından fərqlənmək, gənclik dövrlərini rəngarəng etmək həvəsi ilə, sadəlövh fikirlərlə bu xarici cərəyanlara, yaşam stillərinə adım atsalar da, göz önündə olan zərərləri görə bilməsələr də, biz - cəmiyyətin digər üzvləri onlara yardım etməliyik. İlk öncə gənclər maarifləndirilməlidir. Belə vəziyyətlərdə mentalitet, əxlaq, dini qaydalar həqiqətən kömək ola bilər. Amma bunu bir qayda olaraq etməməli, onları sərhəd daxilində salmağa çalışmamalıyıq. Çünki bir şeyi sıxdıqca o daha da genişlənir, çıxmağa yer axtarır. Gəncliyin dərk etməsinə səbəb olmaq lazımdır. Sosial yazılar, videoçarxlar hazırlamaqla, ziyalı və məşhur simaların çıxışları, təlim proqramları ilə maarifləndirmə sahəsində irəliləyiş əldə etmək olar. Gəncləri elmə həvəsləndirməli, içki, siqaret, "sərbəstlik" kimi vərdişlərdən çəkindirməliyik. İnsanın inkişafı ailədən başlayır. Buna görə də valideynlər uşaqları üzərində nəzarəti artırmalı, azadlıq anlayışının, əslində, hər istədiyini etmək yox, istəmədiyini etməmək olduğunu aşılamalıdırlar. Öz şəxsi işlərindən daha çox övladlarına vaxt ayırmalı, onları öz sevgiləri, nəvazişləri ilə müalicə etməlidirlər. Çünki bütün psixoloqlar bu mövzuda razıdırlar ki, ailədə daha az sevgi görən uşaqlar sonradan pis vərdişlərə daha çox meyl edirlər, o sevgini küçədə axtarırlar. Buna görə övladlarımıza, onların zövqlərinə, istəklərinə daha çox diqqət ayırmalıyıq.
Digər bir yol isə qanunla tənzimlənmədir. Əslində, qanuna görə həm içki, siqaret satışında, həm də bar kimi yerlərə girişdə yaş limitləri vardır. Amma təəssüf ki, buna əksər yerlərdə əməl olunmur. Artıq orta məktəb şagirdlərinin əlində siqaret görmək adi hala çevrilmişdir. Gənclər rahatlıqla bar, pab kimi ictimai obyektlərə daxil ola, içki içə, bununla da pis vərdişlərə aludə ola, həm əqli, həm də bədən sağlamlıqlarını ciddi şəkildə poza bilirlər. Buna görə də bu tip yasaların daha da sərtləşdirilməsi, nəzarətin artırılması məqsədəuyğundur. Bununla bağlı hətta avropa ölkələrində də önəmli qanunlar vardır və əməl olunur. Qanunlar hazırlanarkən Avropa ölkələrinin və Türkiyənin təcrübəsindən istifadə etmək olar...
Bu yazımda gəncliyimizi uçuruma sürükləyən vəziyyəti təsvir etməyə və mövcud həll yolları ilə bağlı təkliflərimi verməyə çalışdım. Səbr etməməli, övladlarımızın həyatlarını siğortalamalı, onları daha sağlam bir gələcəyə yönləndirməli, bu işdə bütün bir yumruq olaraq çalışmalıyıq. Məhəmməd Peyğəmbərin də dediyi kimi, “yolda görüb də götürmədiyin bir mismar ya sənin, ya da övladının ayağına batar”. Hər bir gənc bizim övladımız, bacımız, qardaşımız, cəmiyyətin üzvüdür. Mənim bu mövzuda şəxsi həyat təcrübəm var. Bu cür həyat tərzi, xarici qüvvələrin təsiri ucbatından yaranan vəziyyətə görə dəyər verdiyim insanı itirmişəm. Artıq daha çox insanı itirməmək üçün bir şey etməli, biganə qalmamalı, tələsməliyik. Nə ediriksə-edək, tez edək. Sabah hər şey üçün gec ola bilər...
Fərid Rüstəmzadə
Milli.Az