Ermənistan Mərkəzi Bankı ölkə iqtisadiyyatı ilə bağlı bədbin proqnoz açıqlayıb. Bankın yaydığı xəbərə görə, 2015-ci ildə fərdi transfertlərin təxminən 30 faizədək azalacağı proqnozlaşdırılır. “Ermənistanda 2015-ci ilin əvvəlindən ölkəyə daxil olan fərdi transfertlərin həcmi kəskin şəkildə azalıb”, – Ermənistan Mərkəzi Bankının hesabatında deyilir. Yanvar ayına olan hesabata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə 2015-ci ilin yanvar ayında Ermənistana xaricdən göndərilən fərdi transfertlərin ümumi həcmi 41,08 faiz azalıb və 72 milyon 169 min ABŞ dolları təşkil edir. Bu rəqəm 2014-cü ilin yanvar ayında 122 milyon 506 min dollar olub.İqtisadi göstəriciləri getdikcə pisləşən bu ölkə indi də ərəb dövlətlərinə əl açır
Xaricdən Ermənistana daxil olan fərdi transfertlərin böyük hissəsi Rusiyada mövsümi işlərdə olan Ermənistan vətəndaşları tərəfindən göndərilir. Rusiyadan alınan fərdi transfertlərin həcmi son bir il ərzində 56,01 faiz azalıb: 2014-cü ilin yanvarında tək bank sistemi vasitəsilə 87 milyon 243 min, düz bir ildən sonra isə 38 milyon 371 min dollar məbləğində pul göndərilib. Fərdi transfertlər kimi ölkəyə daxil olan xarici valyutanın həcmi Ermənistanın dövlət büdcəsi ilə müqayisə edilə bilər. Bəzi mütəxəssislər bildirir ki, əvvəlki illərdə Ermənistana xaricdən ildə 3 milyard dollara yaxın pul göndərilirdi. Məsələn, 2013-cü ildə fərdi pul köçürmələri xəttilə Ermənistana təxminən 2,1 milyard dollar göndərilib, bir ildən sonra isə bu göstərici 7,7 faiz azalıb. Ukrayna hadisələri ilə bağlı Qərbin sanksiyaları nəticəsində Rusiyada iqtisadi durumun pisləşməsi, rublun məzənnəsinin düşməsi Rusiyada işləyən əmək mühacirlərinin gəlirini azaldıb. Mövsümi işlərdən qayıdanların bir hissəsi bu il Rusiyaya qayıtmayıblar.
“Bu hal Ermənistan əhalisinin alıcılıq qabiliyyətinin kəskin şəkildə düşməsinə, yaşayış səviyyəsinin pisləşməsinə gətirir”, – Ermənistan Mərkəzi Bankının sabiq sədri Baqrat Asatryan deyir.
Ermənistan Mərkəzi Bankının ötən ay dərc etdiyi məruzəyə əsasən, bu il Ermənistanda hökumət tərəfindən 4,1 faiz səviyyəsində planlaşdırılan iqtisadi artım 10 qat aşağı – 0,4-2 faiz ola bilər. Mərkəzi Bank həmçinin fərdi transfertlərin də təxminən 30 faizədək azalacağını gözləyir. Ermənistanda beynəlxalq valyuta ehtiyatları da kəskin şəkildə azalmaqdadır. Cari ilin yanvar ayında ölkənin beynəlxalq valyuta ehtiyatları 1 milyard 351 milyon dollar təşkil edib. Bu, son altı ildə ən aşağı hədd hesab olunur.
Keçən ilin yanvar ayı ilə müqayisədə 2015-ci ilin yanvarında Ermənistanın beynəlxalq valyuta ehtiyatı 900 milyon dollar, yəni 40 faiz azalıb.
İqtisadçılar cari ildə Ermənistanda iqtisadi göstəricilərin yaxşıya doğru dəyişməyəcəyini və yoxsulluq səviyyəsinin artacağını proqnozlaşdırırlar. B.Asatryan cari ildə Ermənistanda iqtisadi tənəzzülün 10-12 faiz təşkil edəcəyini ehtimal edir. “Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olması, Rusiya istiqamətinə üstünlük verməsi gözlənilən müsbət effekti verməyib, əksinə, mənfi təsir edib”, – deyə B.Asatryan jurnalistlərə deyib. Gömrük İttifaqına üzv olması Ermənistanın başqa ölkələrlə ticari əlaqələrini əngəlləyir, Rusiyada rublun məzənnəsinin erməni dramından daha çox düşməsi səbəbindən Ermənistanın bu ölkəyə ixracatı mənfi effekt verir. Məsələn, Ermənistan şərabları və konyak Rusiya bazarında xeyli bahalaşıb, çətin satılır və Ermənistan istehsalatçıları ixracatı “sərfəli vaxtlara qədər” dayandırıblar. İqtisadçının sözlərinə görə, Ermənistanda tənəzzül davam edəcək və cari ildə inflyasiyanın 8-10 faiz artması fonunda 10-12 faiz təşkil edəcək. B.Asatryanın proqnozuna görə, böhran ən azı daha üç il davam edəcək, lakin Rusiyada vəziyyət yaxşılaşsa, 2017-ci ilədək sabitləşə bilər. O, əlavə edib ki, 2014-cü ildə Ermənistandan miqrasiya 2013-cü illə müqayisədə 10-12 faiz artaraq 47 min nəfəri ötüb. Onun sözlərinə görə, ölkədə iqtisadi vəziyyətin pisləşməsinin bariz göstəricisi Ermənistandan mühacirətin artımıdır. Ermənistan sərhəd elektron idarəsinin informasiya sistemindən verilən məlumata əsasən, 2014-cü ildə respublikanın nəzarət-buraxılış məntəqələri vasitəsilə xarici sərnişin dövriyyəsinin ümumi həcmi 5 510,9 min səfər təşkil edib. 2013-cü ildə bu rəqəm 4 983,9 min səfər olub.
Belə bir vəziyyətdə isə Ermənistan rəhbərliyi yenə də ənənəvi fəaliyyətinə - dilənmə kampaniyasına start verib. Ənənəvi olaraq hər dəfə ABŞ, Rusiya və Fransaya əl açan hökumət bu dəfə üzünü ərəb ölkələrinə tutub. Erməni saytları yazır ki, baş nazir Ovik Abramyan ölkəsinin üzləşdiyi çətinliklərdən yaxa qurtarmaq üçün dilənmə kampaniyasına başlayıb və bu məqsədlə Küveytə ikigünlük səfər edib. Hökumətin mətbuat xidməti bildirib ki, O.Abramyan Küveyt əmiri, parlamentin sədri və baş nazirlə, eləcə də erməni icmasının nümayəndələri ilə görüşüb. Ermənistanın baş nazirinin həmçinin İnvestisiya Agentliyi, Sənaye-Ticarət Palatası və Küveyt Fondunun rəhbərliyi ilə görüşləri də nəzərdə tutulur. Məqsəd məlumdur: “İqtisadi tənəzzül dövrünü yaşayan Ermənistan üçün maddi yardım istəmək”. İrəvan hakimiyyəti bu dəfə də biclik işlədir. Onlar köhnə peşələrinə sadiq qalaraq, növbəti səfərlərini imkanlı ərəb ölkələrinə salmaqla, varlı ərəblərdən pul dilənmək, bununla da qazandıqları vəsaitlə düşdükləri böhranlı vəziyyətdən çıxmaq istəyirlər.
Yeri gəlmişkən, Astanada Avrasiya İqtisadi Birliyi ölkələrinin görüşünə Ermənistan rəhbərinin dəvət edilməməsi də ən çox müzakirə olunan məsələlər sırasında yer almaqdadır. Quruma üzvlüyün bunun ölkə iqtisadiyyatına uğurlar gətirəcəyi barədə vədlər verən hökumət indi xalqa deməyə söz tapmır. Rusiyaya qarşı sanksiyalar bu ölkə ilə yanaşı, Ermənistanın da iqtisadiyyatını acınacaqlı duruma salıb. Rusiyanın hegemonluq etdiyi Avrasiya İqtisadi Birliyi isə bu azmış kimi, Ermənistanı Astana sammitinə belə dəvət etmir. Yerevanda isə siyasi dairələrdə bu addım sevinclə qarşılanır. “Avrasiya Birliyi sürətlə öz siyasi reytinqini itirir”- deyə erməni publisist Anuş Sedrakyan vurğulayır. Onun fikrincə, birlik artıq Ermənistanı maraqlandırmır: “Ermənistan öz işini gördü və artıq oradan getməlidir”. Rusiyadan gələn transfertlərin azaldığını vurğulayan xanım publisist 21-ci əsrin trendinin Avropa Birliyi olduğunu bildirir. Bu trenddə isə Ermənistan üfüqdə belə görünmür.
Kaspi.az