Bakı, 13 mart, AZƏRTAC
Martın 13-də Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Atəşgah Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğunda müxtəlif gənclər təşkilatlarının 100-dək tələbə və nümayəndələrinin iştirakı ilə “Mədəni irs” gənclər festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, habelə Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Gənc aktyorlar və tələbələr qarşıdan gələn Novruz bayramı münasibətilə hazırladıqları tamaşanı təqdim edərək rəqs nömrələri ilə çıxış ediblər. Tədbir iştirakçıları Azərbaycan ənənələri və mədəniyyəti ilə tanış olmaq imkanı qazanıblar. Tədbirin sonunda arzu edən hər kəsin suvenirlər ala biləcəyi və bir sıra milli mətbəx nümunələrimizi dada biləcəyi yarmarka keçirilib.
Xatırladaq ki, Azərbaycanın milli-mədəni irsinin, tarixinin, adətlərinin və ənənələrinin təbliği məqsədi daşıyan festival Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq maddəsinin icrası çərçivəsində keçirilir.