Ülvi Qılınc: “Mənə arxa duran olsa, səsimlə dünyanı fəth edərəm. Özümə bu qədər arxayınam”
Bu gün çox nadir hallarda elə səslərlə rastlaşırıq ki, onları dinlədikdə böyük zövq alır, ruhumuzu zənginləşdiririk. Elə müsahibimiz, səhnəmizin gənc “Koroğlu”su, ifaçı Ülvi Qılnc kimi.

O, 2011-ci ildə Berlində keçirilən Avropada məşhur “Opera scholls” müsabiqəsində qalib gəlib. Deyir ki, ondan başqa Azərbaycandan hələ ki heç bir ifaçı o müsabiqəyə gedib çıxa bilməyib.

- Ülvi bəy, sizi opera ifaçısı kimi tanısaq da, son zamanlar estrada janrında daha çox mahnılar ifa etdiyinizin şahidi olduq. Maraqlıdır, operanı nə üçün estradaya dəyişdiniz?

- Düşünmürəm ki, operadan uzaqlaşmışam. Sadəcə olaraq opera kimi gözəl və çətin sənət bugünkü tamaşaçıların düşüncəsinə bir qədər uyğun gəlmədiyi üçün özümü başqa istiqamətə yönləndirmişəm. Bu gün elə bir zəmanə gəlib çatıb ki, cəmiyyət həvəslə teatra gedib, opera dinləmir. Hər kəs ritmik bir musiqi istəyir ki, onu dinləyib həzz alsın, bir qədər də əhval-ruhiyyəsi dəyişsin. Opera çox çətin sənətdir. Estrada janrına meyil göstərməyimin səbəbi insanların zövqünü oxşamaq, onlara gözəl, səviyyəli musiqi bəxş etməkdir. Estrada deyəndə bizim insanların təsəvvüründə yüngül, bayağı musiqilər canlanır. Bəzən estrada ilə pop janrını qarışdırırlar. Hər yoldan keçən deyir ki, mən estrada müğənnisiyəm. Əgər siz estrada müğənnisisinizsə, o zaman Rəşid Behbudov və onun timsalında digər dahi sənətkarlarımız görəsən kim olub?

- Qeyd etdiniz ki, opera sənəti az dinlənilir. Bu fikirlə razı deyiləm. Əksinə, bir tamaşaçı olaraq operanı daha çox dinləyirəm və dinlədikcə də çox həzz alıram.

- Reallıq budur ki, hazırda estrada janrı daha çox dinlənilir. Siz operadan zövq ala bilərsiniz, çünki bu sizin məşğul olduğunuz ixtisasdır. İndi hər kəs teatrşünas deyil. Opera dinləməyə gələn elə tamaşaçılar var ki, onların musiqiyə olan münasibəti məni heyrətləndirir. Misal üçün, sənət yoldaşım səhnədə ifa edərkən qulaqlarımla eşitdim ki, dedilər, “filankəs səhnədə “anqırır””. Bizdə opera sənətinin təbliğatı bu şəkildə qurulub.

- Teatr səviyyəli tamaşaçıların məkanıdır. Görünür, opera dinləməyə gələn həmin şəxs ünvanı səhv salıbmış...

- Heç zaman insanları səviyyələrə bölməmişəm və bunun da tərəfdarı deyiləm. Opera musiqisi çox dərin və zəngindir. Onu dinləmək kifayət etmir, gərək operanı yaşayasan. Hər bir şey təbliğatdan asılıdır. Bu gün biz başqa bir şeyi təbliğ edirik. İndi estrada deyəndə hər kəsin təsəvvüründə yüngül bir mahnı canlanır. Amma əslində estrada yüngül sənət deyil. Estrada janrı deyəndə gözümün qarşısında Celine Dion canlanır. Bu gün bizdən hansı müğənni onun qarşısına çıxa bilər? Estrada o demək deyil ki, səsini fonoqrama yazdırıb çıxıb efirdə oxumalısan.

- Fakt odur ki, bu gün opera ifaçıları estrada ifaçılarından tanınmaq cəhətdən çox geridə qalır.

- Hazırda estrada janrında oxuyanların əksəriyyəti soyunmağa üstünlük verir. Allah hər kəsə eyni bədən quruluşu verib. Bədənlərinin müəyyən hissəsini efirdə göstərəndə nə əldə edirlər, bilmirəm. Bəzən onlara baxıb düşünürəm ki, görəsən bunlar soyunanda özlərinə baxıb nə düşünürlər? Biz bunların nəyinə baxaq? Dünya şöhrətli estrada ifaçıları səhnədə soyunanda ən azı bir performans göstərirlər. Bizdə soyunmağa ehtiyac yoxdur. İnsan səsi ilə soyuna bilər. İnsanlar ifaçının səsindən elə həzz alarlar ki, onun soyunmağa ehtiyacı olmaz.

- Opera Teatrında davamlı olaraq eyni əsərlər səhnələşdirilir. Sizcə, bəstəkarlar yeni mahnılar yazmırlar, yoxsa yeni bəstələr teatra yol tapa bilmir?

- Hər bir işin başında maliyyə dayanır. Bəstəkarın yazmağı, geyimlər, dekorasiya, ifaçıların seçilməsi, öyrənməsi böyük bir zəhmət və madiyyat tələb edir. Opera Teatrını digər teatrlardan fərqləndirən odur ki, hər ay yeni bir tamaşa səhnələşdirə bilmir. Sponsor olmalıdır ki, Opera Teatrında hər hansısa bir tamaşanı reallaşdırsınlar. Oxunmuş və səhnələşdirilmiş bir əsəri yenidən səhnələşdirmək daha asandır, nəinki yeni bir əsəri götürüb yenidən qurmaq. Burada teatrı günahkar görmürəm. O insanları günahkar hesab edirəm ki, onlar bayağı ifaçılara maya buraxırlar. Biz bu gün həmin insanlardan tələb edə bilmərik ki, gətirib teatra 200-300 min pul verib ona sponsorluq etsin.

- Sizi daha çox tamaşaçılara tanıdan "Koroğlu" obrazı olub. Bu fikirlərlə razısınızmı?

- Əlbəttə razıyam. 2004-cü ildə 24 yaşda ən gənc “Koroğlu” mən olmuşam.

- Lütfiyar İmanov da “Koroğlu” obrazı ilə tanınıb, ancaq o heç zaman estradaya meyil göstərməyib.

- O, estrada mahnısı da ifa edib. Opera janrında mahnılar səsləndirirdi. Ancaq onun dinləyicisi az olurdu. Estradanı heç zaman operaya çevirmək olmaz. Rəşid Behbudov "Sevil" operasında həm Balaşı oynayırdı, həm də italyan dilində Rudolfun ariyasını ifa edirdi. Bəyəm Rəşid Behbudovun opera səsi yox idi? Sadəcə, bu insanlar səsin çəmini saxlayıb, gözəlliyini dəyişiblər. Daha tez tanınmaq üçün onu başqa janra yönəldiblər.

- 2007-ci ildə Elnurla Samir "Eurovision" mahnı müsabiqəsinə qatılanda, Flipp Kirkorov demişdi ki, ilk dəfədir, bu müsabiqədə opera səsi dinləyib. Sizi opera ifaçısı kimi həmin müsabiqəyə dəvət etsələr, gedərsinizmi?

- Onlar həmin müsabiqədə opera ifa etmədilər. Sadəcə olaraq, opera dərsi keçmiş ifaçılar idi. Səhv etmirəmsə, Celin Dion və bir neçə opera ifaçısı həmin müsabiqədə iştirak edib. O ki qaldı həmin müsabiqədə iştirakıma, müsabiqəyə dəvət alsam, məmnuniyyətlə iştirak edərəm. Ancaq ortada bir məsələ var. Mən elə münsiflərin qarşısında imtahan verib bu səviyyəyə gəlib çatmışam ki, başqa münsiflərin qarşısına keçsəm, bu artıq gülməli olar. Münsif deyəndə Fərhad Bədəlbəyli, Vasif Adıgözəlov, Xuraman və Fidan Qasımova bacılarını nəzərdə tuturam. Özümü onların qarşısında sübut etmişəm. Heç kimin xətrinə dəyməsin – onlardan sonra hansısa bir estrada ifaçısının qarşısında oxumağı özümə yaraşdırmıram. Ümumiyyətlə isə, mənə arxa duran olsa, səsimlə dünyanı fəth edərəm. Özümə bu qədər arxayınam.

- Haqqınızda çıxan xəbərləri, verdiyiniz müsahibələri oxuduqda görürük ki, bu gün şou aləmindən çox şikayətçisiniz.

- Şikayət deyəndə ki, mən heç zaman şikayət etmərəm. Musiqi aləmində özünə sənətkar deyən bəzi ifaçılara qarşı narazılığım var və bunu da danmıram, heç kimdən gizlətmirəm. Bu gün musiqi sənəti sanki son nəfəsini verir. Kimdir, özünə ifaçı deyib oxuyan? Bizə bir canlı konsert versin, görək onun səsi necədir? Toylarda 6-7 mahnı oxumaqla estrada müğənnisi olmaq olmur. Toylarda canlı şəkildə elə gözəl oxuyan ifaçılar var ki, bəlkə də biz onların adlarını bilmirik. Dəfələrlə rast gəlmişəm. Elə oğul-qızlarımız var ki, bütün toy məclisini ələ alıb lərzəyə gətiriblər. Yaxınlaşıb həmin insanlara təşəkkür belə etmişəm. Bizimkilər estrada ilə başqa janrı bir-birinə qatıblar. Ümumilikdə, bunun adını bozbaş qoyurlar. Bozbaşın adına ləkə gətirirlər. Bozbaş Azərbaycan xalqının milli və gözəl yeməyidir. O, masaya gələndə hamı birinci bozbaşa əlini uzadır. Özünü dahi hesab edən müğənnilər bu gün meydanda yoxdurlar. Tükənmişlik sindromu yaşayırlar.

- Nə üçün klipləriniz azlıq təşkil edir?

- Bəli, kliplərim çox azdır, amma davamlı olaraq yeni-yeni mahnılar ifa edirəm. Rəhman Əliyevin rejissorluğu ilə “Gedirəm” adlı klip çəkdirmişəm. Klip vasitəsilə insanlara nəyisə çatdırmaq istəyirən. Hesab edirəm ki, öz ifamla tamaşaçılara nəsə çatdırmışam. Düzdür, klip çəkmək lazımdır, ancaq biabırçı şəkildə deyil. Son zamanlar çəkilən kliplərimizi izləyirəm və görürəm ki, həmin kliplərə mənasız yerə pul xərclənib. Kliplərdə maşınını, evini, geyimlərini reklam edirlər. Bir klipdə 7-8 paltar dəyişirlər. Bu, kimə lazımdır? Dünya şöhrətli müğənnilər bir geyim və bir məkanla səviyyəli bir klip çəkdirirlər. Yəni, onlar müxtəlif məkanlarda və ya müxtəlif paltarlarda klip çəkdirə bilməzdilər?

- Özünüzü şou-biznes nümayəndəsi hesab edirsinizmi?

- Bizdə şou-biznes deyilən bir anlam yoxdur. Şou-biznes başqadır, toy biznesi başqa. Dünya ulduzlarının səhnədə hansı şouları göstərdiklərini görmüsünüzmü? Onlar milyonlarca insanın qarşısında şou göstərib pul qazanırlar. Bu, şou-biznesdir. Toy biznesi isə tamam başqa bir şeydir. Bu biznesdə ola bilər ki, kimsə yemək yediyi yerdə müğənniyə qabırğa da atsın, yaxud da toyda kimsə sizə ağır söz də deyə bilər. Ancaq şou-biznesdə heç kim sizə bir söz deyə bilmir. Söhbət əsl şou-biznesdən gedir.

- Mahnı seçərkən ən çox nəyə diqqət edirsiniz?

- Mahnı seçərkən həm onun musiqisinə, həm də sözlərinə önəm verirəm. Oradakı sözlər məni özünə bağlamasa, o mahnını oxumağa dəyməz.

- Oya Ergünün konsertində siz Sona Vəliyevanın “Yollar” şeirinə bəstələnmiş mahnı oxudunuz. O şeirdə sizi cəlb edən nə oldu?

- Mən o şeiri oxuyanda oradakı sözlər mənə çox təsir etdi. “Tanrı dərdlə üzləşənə, dərmanını yolla göndərir”. “...Dolan buludam Allah”. Yəni o şeirdə insanın ağlamağı, dolmağının buluda bənzədiyi, böyük İlahi qüvvənin bizi tərk etmədiyi deyilir. İlahi bizi heç zaman unutmur, biz onu unuduruq. Həm də Allahın adı orada zikr olunur. Çox az musiqinin sözlərində Allahın adı zikr olunur. Musiqini dinləyən hər bir insan kövrəlir. Kimlərsə deyəcək ki, Ülvi hansı səbəblərəsə görə Sona xanımın şeirini tərifləyir. Ancaq həqiqətən də bu sözlər tərifin üzərindədir.

Kaspi.az