Bakı, 13 mart, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə martın 16-da bələdiyyələrdə təmsil olunan qadınların fəaliyyətinin dəstəklənməsi məqsədilə “Yerli idarəetmədə qadın liderliyinin təşviqi üçün strategiyalar” adlı konfrans keçirəcək.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, deputatlar, bələdiyyə sədrləri və üzvləri iştirak edəcəklər.
Konfransın məqsədi yerli özünüidarəetmə orqanlarında qadınların rolunu müəyyənləşdirmək, onların diqqətini ərazidə aparılan quruculuq, abadlıq işləri ilə yanaşı, sosial məsələlərə, ailə, qadın və uşaqların problemlərinin həlli məsələlərinə yönəltməkdir.
Konfrans bələdiyyə üzvü olan qadınlara liderlik bacarıqlarının aşılanması üçün strategiyaların müzakirəsi və mübadiləsi imkanı yaradacaq. Həmçinin, konfransda beynəlxalq təcrübəyə əsaslanaraq qadın bələdiyyə liderlərinin qarşılaşdığı problemlər və yerli siyasətdə onların liderlik potensialının gücləndirilməsi üçün müxtəlif strategiyalar işçi qruplarında müzakirə olunacaq.