Bakı, 13 mart, AZƏRTAC
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildiriblər ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-190, Kiçik Qafqazın çaylarında 90-150, Lənkəran-Astara bölgəsi çaylarında 90-200, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 175 m3/s olmaqla ongünlük normanın 66 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 76 m3/s olmaqla, ongünlük normanın 81 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Salyanda 10, Şirvanda 12, Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə 4 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 sm, Şirvanda 253 sm, Salyanda 217 sm, Bankədə 199 sm, Araz çayının Novruzlu məntəqəsində isə 134 sm təşkil edir.