"Kazan şəhərində "Admiral" ticarət mərkəzində baş vermiş yanğın zamanı 3 nəfərin həlak olduğu ehtimal edilir".

Bunu ANS PRESS-ə açıqlamasında Ümumrusiya Azərbaycan Konqresinin Tatarıstan Respublikası üzrə Regional bölməsinin sədri Ziyafət Qasımov söyləyib.

O bildirib ki, hüquq mühafizə orqanları hələlik dəqiq bir məlumat açıqlamırlar:

"Ancaq yanğın zamanı ticarət obyektində olan azərbaycanlıların yaxınları ana və atalarının içəridə olduğunu deyirlər. Yaxın saatlarda həlak olanların adları məlum olacaq. Hazırda tibbi ekspertiza aparılır", - deyə Ziyafət Qasımov bildirib.

Xatırladaq ki, “Admiral” TM-də yanğın mart ayının 11-də başlayıb. Çərşənbə günü günortaya qədər yanğınsöndürənlər yanğını söndürməyə müvəffəq olublar. Ticarət mərkəzindən 650 nəfər təxliyə edildikdən sonra binanın uçduğu qeyd edilir. Dağıntılar altında 25 nəfərin qaldığı deyilir. Hazırda ölənlərin sayı 13-ə, yaralıların sayı isə 50-ə çatıb. Yanğının səbəbləri ilə bağlı dəqiq məlumat verilməsə də hadisənin qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.
Mənbə
ANS PRESS